Natalya Məmmədova və üç hollandiyalı
28.09.2011 - 01:15
Natalya Məmmədova və üç hollandiyalı
Serbiya və İtaliyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin pley-off matçında Hollandiya – Azərbaycan qarşılaşmasında ən güclülərin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1:3 hesabı ilə uduzaraq vidalaşdığımız yarışda Natalya Məmmədova görüşün voleybolçusu seçilib.

O bombardirlik yarışında da birinci olub. Komandamızın lideri rəqibi 22 dəfə məyus etməyi bacarıb. Məmmədovadan fərqli, digər nominasiyalarda həmyerlilərimizdən heç kim yer almayıb.

Belə ki, topu ən yaxşı oyuna daxil edən Manon Flier (3 xal) olub. Ən yaxşı topqəbuledici adına isə Maret Qrotues (50 faiz) layiq görülüb.

Rəqib düşərgədə komandamıza qarşı forma geyinən “Bakı”nın yeni transferi İnqrid Visser də fərqlənib. O təmsilçilərimizin 7 hücumunun qarşısını almaqla, ən yaxşı blokçu seçilib.

Qeyd edək ki, yığmamıza qarşı “Bakı”nın liberosu Yannike van Tienen də mübarizə aparıb. “İqtisadçı”da çıxış edən Alisa Blom isə sonda meydana girib və cəmi 1 dəfə topu oyuna daxil edib. Bu da Azərbaycan millisinə xal gətirib.
0