Arvidas Sabonis infarkt keçirdi
28.09.2011 - 11:33
Arvidas Sabonis infarkt keçirdi
Əfsanəvi litvalı basketbolçu Arvidas Sabonis infarkt keçirib. Apasport.az saytının məlumatına görə, “Jalgiris” klubunun 47 yaşlı prezidenti dostları ilə basketbol oynayan zaman özünü pis hiss edib. Ürək çatışmazlığı yaranan Sabonis dərhal Kaunasda xəstəxanaya aparılıb.

Sabonis 2 gün öncə səhhətində problem yarandığından həkimə müraciət edib. Ancaq Arvidas bunun ertəsi meydançaya çıxıb və oyun zamanı Təcili Tibbi Yardım çağırmaq lazım gəlib. Orada çalışan həkiminin dediyinə görə, Arvodis vəziyyətinin pisləşməyinə baxmayaraq, xəstəxanaya gedərkən yolda əla əhval-ruhiyyədə olub və hətta xeyli zarafat edib.

Hazırda Sabonisin vəziyyəti sabitdir və həyatı təhlükə doğurmur. Hərçənd onun klinik ölüm keçirdiyi deyilir. Həkimlər Arvidasın arteriyasından trombu çıxarmağa və bununla da həyatını xilas etməyə müvəffəq olublar. Xəstəxanada 1 həftə keçirəcək keçmiş basketbolçunun reabilitasiyası 1 aya yaxın çəkəcək. Yəqin ki, litvalı bu müddəti sanatoriyada keçirəcək.

Qeyd edək ki, Sabonisin karyerasında ən böyük uğur millimizin sabiq baş məşqçisi Rimas Kurtinaytislə birgə 1988-ci ildə SSRİ yığmasının heyətində Seul Olimpiadasının qalibi olmağıdır.
0