İsrail yığmasının üzvü rəsmən Azərbaycan çempionatında! - FOTO
30.09.2011 - 14:11
İsrail yığmasının üzvü rəsmən Azərbaycan çempionatında! - FOTO
Bakının “Lokomotiv” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da mübarizə aparacaq “dəmiryolçular” 2 voleybolçu ilə rəsmi müqavilə imzalayıblar.

Bunlardan biri İsrail yığmasının aparıcı üzvü Anna Farhidir. Son Avropa çempionatının final mərhələsində milli komandasının biabırçı nəticəsinə şahidlik edən voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 31 yaşlı bolqar əsilli Farhi 189 sm boya malikdir.

Digər voleybolçu Azərbaycan üçün tanış simadır. 2009/2010-cu illərdə “Azərreyl”in şərəfini qoruyan və sonra ana olan Alişa Tomas bu dəfə “Lokomotiv”lə anlaşıb. 30 yaşlı amerikalı Bakıya bu gün gələrək, məşqlərə qoşulacaq.

Qeyd edək ki, “Lokomotiv” Tomas və Farhidən öncə argentinalı Qaido Lusia, belaruslu Olqa Palçevskaya, venesuelalı Mariya Veronika Qomes və bolqarıstanlı Diana Nenovanı rənglərinə bağlamışdı. Ötən ilki heyətdən isə Yelena Parxomenko, Oksana Məmmədyarova, Mariya Filipova, Aleksandra Samoylova, Nansi Metkalf, Kremena Kamenova və Vera Klimoviçlə yeni müqavilə imzalanmışdı.
0