Azərbaycan çempionatı nə vaxt başlayacaq?
30.09.2011 - 23:01
Azərbaycan çempionatı nə vaxt başlayacaq?
Basketbol üzrə Azərbaycan çempionatının iştirakçıları müəyyənləşir. Bu barədə apasport.az saytına Basketbol Federasiyasının baş meneceri Levent Türknaz məlumat verib.

O bildirib ki, yüksək liqada 6 komanda qalib adı uğrunda mübarizə aparacaq:
“Klublar ABF-yə müraciətlərini edirlər. Biz oktyabrın 20-nə qədər həmin müraciətləri qəbul edəcəyik. Əvvəlcə 9-10 komandadan ibarət 1-ci liqada təşkil edəcəyik. Həmin turnirin 6 ən yaxşı komandası yüksək dəstədə mübarizə aparmaq imkanı qazanacaq”.

Türknaz çempionatın başlanma tarixini də açıqlayıb: “1-ci liqanın oyunları oktyabrın 24-də start götürəcək. Bununla da, Azərbaycanda yeni basketbol mövsümü başlanacaq. Ümid edirik ki, çempionatımız əvvəlki illərlə müqayisədə daha maraqlı və baxımlı alınacaq”.

Eyni zamanda, yığma komanda barədə də danışan Türknaz yaxın gələcək üçün hər hansı bir toplanışın nəzərdə tutulmadığını deyib: “Milli komanda gələn ilin yayına kimi istirahətə buraxılıb. Odur ki, komandanın növbəti hazırlıq planı bəlli deyil”.
0