“Azərbaycan deyəndə, hamı çəkinir”
30.09.2011 - 23:37
“Azərbaycan deyəndə, hamı çəkinir”
“Avropa çempionatına yollananda hədəfimiz ən azından ilk “dördlüy”ə düşmək idi. Keçirdiyimiz yüksək səviyyəli təlim-məşq toplanışları da bunu hesablanmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının voleybolçusu Natəvan Qasımova deyib.

Milli komandamız hazırda İtaliya və Serbiyada keçirilən qitə çempionatında çıxışını başa vurub. Qrup mərhələsindən çətinliklə çıxan voleybolçularımız Hollandiyaya uduzmaqla, yarışda çıxışını başa vurub. Yekunda 9-cu yeri tutan komandamız artıq Vətənə qayıdıb.

Qasımovanın fikrincə, belə zəif çıxışa bəzi voleybolçular zədəli olması da təsir edib: “Yoxlama matçlarında yaxşı təsir bağışlayırdıq və yarışda qələbəyə inamımız vardı. Lakin bu gün həqiqət ondan ibarətdir ki, Avropada Azərbaycan deyəndə, hamı çəkinir. Bizimlə oynayacaq komandalar görüşə, sanki həyatlarında ən son görüşə çıxırlarmış kimi hazırlaşırlar”.

Voleybolçu, həmçinin bildirib ki, belə turnirdə uğurlu start çox vacibdir: “Amma biz Türkiyəyə uduzduq. Əlbəttə, startda sərfəli nəticə gələcək oyunlar da uğura yardımçı olur. Türkiyə ilə görüşdə qələbəni onlara hədiyyə etdik. Adi səhvlər ucbatında məğlub olduq. Bu, psixoloji cəhətdən hamımıza pis təsir etdi. Hardan baxsaq görərik ki, keçirdiyimiz bütün oyunları setin sonlarında etdiyimiz səhvlər üzündən uduzuruq. Həlledici məqamda 1 top yanlışlığı sənə baha başa gəlir. Fikrimcə, bir az təcrübəsizlik də burada rol oynadı. Hər halda, əldə etdiyimiz nəticəni pis saymıram. Qitədə bəzi komandaları geridə qoya bilmişiksə, o da böyük işdir. Ancaq yenə deyirəm, 9-cu yerə layiq deyildik”.

KAMRAN
0