Türkiyə və İtaliya yarımfinalda uduzdular
02.10.2011 - 00:32
Türkiyə və İtaliya yarımfinalda uduzdular
Qadın voleybolçular arasında Serbiya və İtaliyada keçirilən Avropa çempionatının final mərhələsinin yarımfinal oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutan görüşlərdən sonra ev sahiblərindən biri məğlubiyyətə üzülüb.

Belə ki, qrup mərhələsində Azərbaycan voleybolçularına 3:1 hesabı ilə qalib gələn İtaliya yığması Almaniya millisinə “quru hesabla” uduzub. Son 2 Avropa çempionatının qalibi bununla da titulunu təhvil verib.

Digər yarımfinal cütündə isə Türkiyə millisi Serbiyanı sınağa çəkib. İlk 2 setdə ev sahibləri qələbə qazansalar da, “ay-ulduzlular” oyunda dönüş yaratmağı bacarıblar. Onlar ardıcıl 2 hissədə əzmkarlıq nümayiş etdiriblər və hesabı bərabərləşdiriblər – 2:2. Lakin tay-brekdə də rəqibindən hesabda irəlidə olan türklər sonda 2:3 hesabı ilə uduzublar.

Beləliklə, finalda Serbiya Almaniya voleybolçularına rəqib olub. Üçüncü yer uğrunda matçda isə İtaliya və Türkiyə komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

1/2 final
Almaniya – İtaliya – 3:0 (25:22, 25:22, 25:17)
Serbiya – Türkiyə - 3:2 (25:10, 25:22, 23:25, 23:25, 15:12)

2 oktyabr
Üçüncü yer uğrunda
18:00. İtaliya – Türkiyə

Final
21:00. Almaniya - Serbiya

Qeyd edək ki, Türkiyə millisi də İtaliya kimi qrup mərhələsində Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəlmişdi.
0