Türklər yığmamızın müdafiə xəttindəki boşluğu qabartdılar
03.10.2011 - 13:41
Türklər yığmamızın müdafiə xəttindəki boşluğu qabartdılar
Türkiyə mətbuatı qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatında məğlubiyyətinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkədən olan həmkarlarımız yığmamızın pley-offda mübarizəni dayandırmasını müdafiə xəttindəki boşluqla əlaqələndiriblər.

Onlar hətta Avropa çempionatında üçüncü olan “ay-ulduzlu”larla Faiq Qarayevin yetirmələrini də müqayisə ediblər: “Mottanın komandasının bütün üzvləri 3-cü olmağımızda böyük pay sahibidirlər. Kağız üzərindən çox ciddi adlar olmasa da, birlikdə güclü idilər. Yığma Neslihanın zədəsi, Gözdənin ara-sıra oynaması üzündən hücumda lazımı oyun nümayiş etdirə bilmədi. Amma komanda kimi çox əla müdafiə olundu. Voleybolda isə bu amil çox əhəmiyyətlidir. Məsələn, Azərbaycan milli komandasının Rəhimova və Məmmədova kimi 2 ulduz hücumçusu var, xal alırlar. Lakin müdafiədə Kovalenkonun bloklarına və Korotenkonun top qurtarışlarına ümid edirlər. Məhz bu səbəbdən də müdafiədən hücum üçün çıxarılan yaxşı topların sayı azdır və hücumçuları da lazımı topla təmin olmadıqlarından pis zərbə vururlar ki, bu da onları yorur”.

Qeyd edək ki, voleybolçularımız Türkiyəyə qrup mərhələsində uduzsalar da, pley-offa yüksəlmişdilər. Lakin bu mərhələdə Hollandiya yığmasına uduzaraq mübarizəni dayandırmışdılar.
0