Olimpiya çempionu rəsmən Bakı klubunda!
03.10.2011 - 15:54
Olimpiya çempionu rəsmən Bakı klubunda!
Bakının “Lokomotiv” klubu heyətini daha bir voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, paytaxt komandası Kuba yığmasının sabiq üzvü Marta Sançez Salfranla rəsmi müqavilə imzalayıb.

38 yaşlı hücumçu ilə 1 illik razılıq əldə edilib. O, növbəti mövsümdə yaxşı təsir bağışlayarsa, daha 1 il Bakı klubunda qalacaq.

Salfran indiyədək Azərbaycana gələn voleybolçular arasında ən tanınmış simalardan biridir. Son illər “sönmüş ulduz” təsiri bağışlayan Martanın milli komanda karyerası çox uğurlu olub.

Belə ki, XXI əsrin əvvəllərində 4-cü zonanın aparıcı oyunçusu sayılan kubalı millisinin heyətində 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarının qalibi, 4 il sonra Afinada bürünc mükafatçısı olub. O, həmçinin 1998-ci ildə dünya çempionu, 1999-cu ildə Dünya Kubokunun sahibi və 2003-cü ildə isə Pan Amerika Oyunlarının ikincisi adına layiq görülüb.

Qeyd edək ki, “dəmiryolçular” Sançezdən öncə israilli Anna Farhi, amerikalı Alişa Tomas, argentinalı Qaido Lusia, belaruslu Olqa Palçevskaya, venesuelalı Mariya Veronika Qomes və bolqarıstanlı Diana Nenovanı transfer etmişdi. Ötən ilki heyətdən isə Yelena Parxomenko, Oksana Məmmədyarova, Mariya Filipova, Aleksandra Samoylova, Nansi Metkalf, Kremena Kamenova və Vera Klimoviçlə yeni razılıq əldə olunmuşdu.
0