Yığmamız üçün tarixi an
03.10.2011 - 23:04
Yığmamız üçün tarixi an
Basketbol üzrə kişilərdən ibarət milli komandalar arasında Avropa çempionatının əsasnaməsi məlum olub. Apasport.az saytının məlumatına görə, indiyədək aşağı divizionlarda mübarizə aparan Azərbaycan yığması 2013-cü ildə Sloveniyada keçiriləcək qitə birinciliyinə qatıla bilər.

Belə ki, Avropa çempionatında bundan sonra B divizionunun olmayacağı qərara alınıb. A divizionun 6 ən yaxşı komandası – İspaniya, Fransa, Rusiya, Makedoniya, Yunanıstan, Litva, həmçinin Avro-2013-ün meydan sahibi Sloveniya ilə London Olimpiadasının təşkilatçısı Böyük Britaniya 2 ildən sonra keçiriləcək yarışa birbaşa vəsiqə əldə edib.

2013-cü il sentyabrın 14-dən 22-dək 24 komandanın iştirakı ilə keçiriləcək yarışa digər 16 vəsiqənin sahibi isə seçmə mərhələdə müəyyənləşəcək. Bu vəsiqələr uğrunda A və B divizionun 30 yığması mübarizə aparacaq: Serbiya, Almaniya, Finlandiya, Türkiyə, Gürcüstan, Xorvatiya, Bolqarıstan, İsrail, Bosniya və Herseqovina, İtaliya, Çernoqoriya, Latviya, Belçika, Portuqaliya, Estoniya, Hollandiya, Avstriya, Lüksemburq, Rumıniya, Belarus, İsveç, Azərbaycan, Çexiya, İsveçrə, Kipr və Slovakiya.

Bu komandalar hərəsində 5 yığma olmaqla, 6 qrupda mübarizə aparacaq. Hər qrupdan ilk 2 yerin sahibi, həmçinin üçüncü yer tutan 6 komanda arasında ən yaxşı nəticəyə malik 4 yığma da Sloveniyada iştirak hüququ qazanacaq.

Qeyd edək ki, Elxan Əliyevin başçılıq etdiyi millimiz son mövsümdə B divizionunda ikinci yeri tutsa da, məhz bu səbəbdən pley-offda çıxış etməmişdi.
0