“Hamı deyirdi ki, necə yaxşı oynayırsınız ki, uduzursunuz“
07.10.2011 - 13:16
“Hamı deyirdi ki, necə yaxşı oynayırsınız ki, uduzursunuz“
“Səfərdəki oyunlarda yaxşı oynasaq da, uduzurduq. Hamı deyirdi ki, necə yaxşı oynayırsınız ki, uduzursunuz. Gördüyünüz kimi, Norveçə qarşı da yaxşı futbol oynadıq. Ancaq nəticədə yenə meydanı məğlub tərk etdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-21) yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib. Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində doğma meydanda ilk oyununa çıxan U-21 Norveçlə qarşılaşıb. Hər hissədə qapısından bir top buraxan Bernard Lippertin çalışdırdığı komanda yekunda 0:2 hesabı ilə yenilib. Bununla da millimizi cari seçmə mərhələdə keçirdiyi 3-cü oyununda da xal qazana bilmədi.

Cavid oyunla bağlı fikirlərində qol imkanları baxımından rəqibdən üstün olduqlarını bildirib: “Oyun ərzində bizim qol imkanlarımız daha çox idi. Rəqib isə cəmi iki dəfə təhlükəli hücum qurdu və qol vurdu. Sanki bəxt də bizdən üz döndərib. Nəsə alınmır. Qol imkanlarımız çox olur, ancaq istifadə edə bilmirik”.

Oktyabrın 10-da Belçika ilə keçiriləcək oyuna da toxunan İmamverdiyev artıq bu görüş haqda düşünməyin vacibliyini bildirib: “Bu oyunu Belçikaya qarşı oynasaq, həmin görüşdə nəticə qazanacağıq. İndi əsas diqqətimizi məhz növbəti oyuna – Belçika ilə matça yönəltmişik”.
0