Sanya Staroviç: Dünya çempionatına qələbə ilə başlayacağıq
10.10.2011 - 16:34
Sanya Staroviç: Dünya çempionatına qələbə ilə başlayacağıq
“Komandamızın hazırlıqları yüksək səviyyədə davam edir. Sabah artıq ilk oyunumuza, ilk rəsmi sınağımıza çıxacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasına Bakının “Rabitə” klubunun voleybolçusu Sanya Staroviç deyib.

Serbiyalı hücumçu Qətərdə keçirilən klublararası dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Staroviç bildirib ki, Azərbaycan çempionu mundiala qələbə ilə başlayacaq: “Qızlarımız bacardıqları gözəl oyunu nümayiş etdirəcəklər və azarkeşlərimizə qələbə bəxş edəcəklər. İlk rəqibimiz Asiya təmsilçisi – “Çanq”dır. Onlarla qarşılaşma bizim üçün yenilik olacaq. Çünki tailandlılar başqa sistemli voleybol göstərirlər. Ona görə də biz bütün hazırlıqlarımızı ciddi şəkildə davam etdiririk. İnanırıq ki, bu mötəbər turnirə qələbə ilə başlayacağıq”.

Qeyd edək ki, “Rabitə” ilk matçına sabah çıxacaq.
0