Cəlil Cəfərov: “Rabitə” hər kəsin çəkindiyi komandaya çevrilib
11.10.2011 - 08:54
Cəlil Cəfərov: “Rabitə” hər kəsin çəkindiyi komandaya çevrilib
“Bu möhtəşəm yarışda bizim də çıxış etmək zamanımız yetişib”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” voleybol klubunun prezidenti Cəlil Cəfərov deyib.

O, Qətərin paytaxtı Dohada keçirilən FİVB klublarası dünya çempionatında iştirak edəcək komandanın üzvləri ilə görüşüb. Cəfərov bu gün mundialda debüt edəcək Azərbaycan çempionu və Çempionlar Liqasının gümüş mükafatçısından böyük uğur gözlədiyini bildirib: “İlk oyun həmişə çox məsuliyyətli və həyəcanlı olur. Amma mənim sizə inamım çox böyükdür. Artıq “Rabitə” hər kəsin çəkindiyi və beynəlxalq arenada yüksək nüfuza sahib olan komandaya çevrilib. Bir zamanlar Azərbaycana gəlməsi xəyal olan oyunçular da artıq bu gün bizim klubumuzda yüksək hədəflər uğrunda mübarizə aparırlar”.

Cəfərovun sözlərinə görə, komandası öz oyununu nümayiş etdirərsə, arzuladıqları yeri tuta bilərlər: “Rəqiblərimiz çox güclüdür, amma biz yalnız öz oyunumuz barədə düşünməliyik. Əgər istədiyimiz və bacardığımız oyunu göstərə bilsək, hədəfimizə çata bilərik. Bizim komandada bu əzm, istək və potensial var. Sizlərə uğurlar arzu edirəm. Azərbaycan xalqını sevindirməyə davam edək”.

Qeyd edək ki, “Rabitə” “Sollis Nestle” (Braziliya) və “Çanq”la (Tailand) B qrupunda yer alıb.
0