“Biz Dohada Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik”
11.10.2011 - 10:31
“Biz Dohada Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik”
Rəqiblərimizin oyununu canlı izləmişik, amma onların gücünün təhlili davam edir. Çünki çox yaxşı heyətlərə malik komandaların toplaşdığı qrupdayıq”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə”nin voleybolçusu Yasna Maystroviç deyib.

Serbiya yığmasının 4-cü zona hücumçusu Azərbaycanın ən güclüsünün Dohada təşkil edilən klublararası dünya çempionatında inamlı çıxış edəcəyini bildirib. 27 yaşlı Yasna bildirib ki, belə mötəbər yarış hər bir voleybolçudan xüsusi diqqət tələb edir: “Mundilda hər bir səhv komandalara baha başa gələ bilər. Meydanda oyun isə son topa qədər gərgin mübarizədə keçir. Bunun isə ən başlıca səbəbi yekunda hətta qazanılan xalların belə önəmli olmasıdır”.

Maystroviç bu gün qarşılaşacaqları Tailand “Çanq”ı ilə görüşə də münasibət bildirib: “İlk rəqiblərimiz Asiyanı təmsil etdiyindən olduqca sürətli voleybola üstünlük verir. Onlar fiziki göstəricilərdə başqalarından geri qalsalar da, qurduqları oyun kombinasiyaları istənilən rəqibə çətinlik yaşadır. Əsasını Tailand millisinin voleybolçularının təşkil etdiyi komandaya qarşı Serbiya yığmasının heyətində oynamışam və onların hansı gücə sahib olduğunu çox gözəl bilirəm. Amma inanıram ki, biz bütün sınaqlardan üzüağ çıxacağıq. Buradan isə ürəyi bizimlə olan bütün azarkeşlərimizə uzaq Qətərdən salamlarımızı çatdırıram. Biz Dohada Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik”
0