“Rabitə” Asiya çempionuna gücünü göstərdi - YENİLƏNİB
11.10.2011 - 17:42
“Rabitə” Asiya çempionuna gücünü göstərdi - YENİLƏNİB
Bakının “Rabitə” voleybol klubu bu gün Qətərdə keçirilən klublararası dünya çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ilk matçında “Çanq”la (Tailand) qarşılaşıb.

Yarışda çempionluğu hədəfləyən voleybolçularımız mundiala qələbə ilə başlayıblar. Onlar kifayət qədər sürətli voleybola üstünlük verən və birinci görüşdə “Sollis Nestle”yə (Braziliya) 1:3 hesabı ilə uduzan Asiya çempionuna 3:1 hesabı ilə qalib gəliblər.

Düzdür, ilk setdə 25:19 hesabı ilə qələbə qazanan Çempionlar Liqasının gümüş mükafatçısı ikinci hissədə məğlubiyyət acısı yaşayıb – 21:25. Amma voleybolçularımız üstünlüyü əldən verdikdən (1:1) sonra yenidən təşəbbüsə yiyələniblər. Serbiyalı baş məşqçimiz Zoran Qayiçin də etdiyi taktiki gedişlər “Rabitə”nin növbəti setlərdə inamlı çıxışını təmin edib.

Nəticədə üçüncü hissədə 10 xallıq fərqlə (25:15) “Çanq”a qalib gələn komandamız dördüncü setdə oyunun hesabını müəyyənləşdirib – 3:1.

Bununla da keçirdiyi hər 2 matçda uduzan “Çanq” mundialla vaxtından əvvəl vidalaşıb.

Voleybolçularımızın sabah rəqibi “Sollis Nestle” olacaq. Bu dueldə qalib gələcək klub isə növbəti mərhələyə qrup birincisi kimi yüksələcək.


11 oktyabr

17:00. “Rabitə” (Azərbaycan) - “Çanq” (Tailand) - 3:1 (25:19, 21:25, 25:15, 25:17)

OQMSTX
Rabitə1103-196-763
Sollis Nestle 1103-1100-883
Çanq2022-6164-1960


Qeyd edək ki, reqlamentə əsasən, yarımfinalda qrupda 1-ci yerin sahibi digər qrupun ikincisi ilə qarşılaşacaq.
0