“Rabitə” yarımfinala qrup qalibi kimi yüksəldi - YENİLƏNİB
12.10.2011 - 18:08
“Rabitə” yarımfinala qrup qalibi kimi yüksəldi - YENİLƏNİB
Bakının “Rabitə” voleybol klubu bu gün Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Asiyanın ən güclüsü “Çanq”a (Tailand) 3:1 hesabı ilə qalib gələn paytaxt komandası qrup mərhələsinin son oyununda Cənubi Amerika çempionu “Sollis Nestle” (Braziliya) ilə qarşılaşıb.

Bu matçda voleybolçularımız vacib olan qələbəni qazanmağı bacarıblar. “Rabitə” Tailand təmsilçisini məğlub etməklə, yarımfinala vəsiqə qazanmışdısa, braziliyalılara qalib gəlməklə, 1/2 finala qrup birincisi kimi yüksəlib.

Belə ki, oyunun ilk dəqiqələrdən üstünlüyə yiyələnən təmsilçilərimiz birinci setin gedişində rəqiblərinə arzuolunmaz anlar yaşadıblar. Hər 2 texniki fasiləyə öndə yollanan Zoran Qayiçin yetirmələri hissəni asanlıqla aktivlərinə yazıblar – 25:12.

Növbəti setdə son mundialın finalçısı olan rəqib oyunda dönüş yaratmağı bacarıb. Əsasən hücumda inamlı çıxış edən “Sollis Nestle” çətinliklə hissələrin fərqini bərabərləşdirib.

Azərbaycan çempionu üçüncü hissədə ikinci dəfə hesabda irəli çıxıb. Voleybolçularımız bu dəfə rəqiblərinə 18 xal güzəştə gediblər.

Dördüncü set daha gərgin və maraqlı alınıb. Braziliyalılar məğlub olmamağa, həmyerlilərimiz isə görüşdə daha tez qələbə qazanmağa çalışıblar. Lakin xala-xal prinsipi ilə davam edən hissədə “Sollis Nestle” qalib gəlib və yenidən qarşılaşmada bərbərliyi bərpa edib – 2:2.

Nəticədə qalib tay-brekdə müəyyənləşib. Bu dəfə voleybolçularımız əsl güclərini ortaya qoyublar və rəqibə göz açmağa belə imkan verməyərək (15:6), əzmkar qələbə qazanıblar.

Beləliklə, “Sollis Nestle” 3:2 hesabı ilə məğlub edən “rabitəçilər” növbəti mərhələyə qrup birincisi kimi yüksəliblər.

12 oktyabr

“Sollis Nestle” (Braziliya) - “Rabitə” (Azərbaycan) - 2:3 (12:25, 25:23, 18:25, 25:23, 6:15)

OQMSTX
Rabitə2 2 06-3 207-162 5
Sollis Nestle 2 11 5-4 186-199 4
Çanq2022-6164-1960


Qeyd edək ki, “Rabitə”nin yarımfinalda rəqibi A qrupunun axırıncı görüşündən – “Vakıfbank Günəş TTelekom” (Türkiyə) və “Kenya Prisons” (Keniya) klublarının duelindən sonra müəyyənləşəcək.

Bu qrupda hələlik türkiyəlilər liderdir. İkinci yerdə Keniya təmsilçisini məğlub edən “Mirador” (Dominikan Respublikası) qərarlaşıb.

Axşam saatlarında keçiriləcək qarşılaşmanın nəticəsinə əsasən isə bu qrupda ikinci olacaq komanda 1/2 finalda voleybolçularımızla qüvvəsini sınayacaq.
0