“Rabitə” və “Azərreyl” bizdən bir baş üstündür” - MÜSAHİBƏ
13.10.2011 - 16:47
“Rabitə” və “Azərreyl” bizdən bir baş üstündür” - MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət “Bakı” klubunun avrokuboklarda debütü uğurlu alındı. Doğma divarlar arasında “Çelenc Cup”ın I təsnifat mərhələsində Kiprin “Famagusta” komandası ilə oynayan paytaxt klubu hər 2 matçda rəqibini asan məğlub etdi. “Bakı”nı növbəti mərhələdə isə daha ciddi sınaq gözləyir. Komandamızın braziliyalı baş məşqçisi Ancelo Vercesi apasport.az saytına qarşıya qoyulan hədəfləri və komanda ilə bağlı son yenilikləri açıqlayıb.

- “Çelenc Cup”ın ilk təsnifat mərhələsini uğurla baş vurdunuz. Növbəti rəqib isə Fransanın “Evre” klubudur. Onlara da asanlıqla qalib gələ biləcəksinizmi?
- “Evre”nin səviyyəsi mübarizədən kənarlaşdırdığımız “Famagusta” nisbətən yüksəkdir. Buna baxmayaraq, görüşə yalnız qələbə üçün çıxacağıq. Çünki biz onlardan güclüyük.

- Hazırkı heyət qarşıya qoyulan məqsədə çatmaq üçün yetərlidirmi?
- İndi “Çelenc Cup”da fasilə yaranıb. Voleybolçular çıxış etdikləri milli komandalarının heyətində olimpiya təsnifat mərhələsinin matçlarına qatılacaqlar. Noyabrda yenidən bir yerə toplaşaraq, hazırlığa başlayacağıq. Mübarizə zamanı görəcəyik ki, harada boşluqlar var. Əgər lazım gələrsə, kollektivə yeni voleybolçular dəvət edəcəyik.

- Azərbaycan Super Liqasında komandaların gücünü necə dəyərləndirirsiniz?
- Məncə, bu mövsüm klublar daha gücləniblər. Açıq deyirəm, “Rabitə” və “Azərreyl” bizdən bir baş üstündür. Çalışacağıq ki, “İqtisadçı” və “Lokomotiv”dən üstün olaq.

- Bakıya uyğunlaşmaq sizə çətin olmadı ki?
- Əsla. Bir də, bu mənim paytaxtınıza birinci gəlişim deyil. İlk dəfə Bakıda 5 il öncə olmuşam. O zaman mən İtaliyanın “Skavolini” klubunu çalışdırırdım. Peskara şəhərinin təmsilçisi Çempionlar Liqasında “Azərreyl”ə rəqib olmuşdu.

Kamran HACI
0