Qisasla qazanılan tarixi zəfər! - YENİLƏNİB
14.10.2011 - 19:46
Qisasla qazanılan tarixi zəfər! - YENİLƏNİB
Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçular arasında dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 2 oyunla mundiala yekun vurulub.

Əvvəlcə yarışda bürünc mükafatçının adına aydınlıq gəlib. Üçüncü yer uğrunda oyunda “Sollis Nestle” (Braziliya) “Mirador”u (Dominikan Respublikası) sınağa çəkib. Maraqsız keçən oyunda mundialın son finalçısı olan braziliyalılar asan qələbə qazanıblar.

Ardınca möhtəşəm final olub. Həlledici görüşdə Azərbaycanın “Rabitə” klubu bu il “Vakıfbank Günəş TTelekom”un (Türkiyə) gücünü bir daha yoxlayıb. Çempionlar Liqasının finalında türklərə 0:3 hesabı ilə uduzan Bakı komandası bu dəfə revanş almağı bacarıb.

Ötən mövsümlə müqayisədə heyətini gücləndirən və yeni baş məşqçiyə etibar edilən “Rabitə” dünya çempionatında məğlubiyyət nə olduğunu bilməyib. Onlar mundialda bu matça kimi 1 set belə uduzmayan rəqiblərə 3:0 hesabı ilə qalib gələrək, debütdəcə tarixi zəfər qazanıblar.

Belə ki, qarşılaşma komandamızın uğurlu startı ilə başlayıb. Birinci texniki fasiləyə 6 top öndə (8:2) yollanan voleybolçularımız daha sonra rəqibin müqaviməti ilə üzləşsə də, üstünlüyü əldən verməyiblər. Nəticədə “Rabitə” hissəni 10 xal fərqi ilə irəlidə bitirib və ilk seti aktivinə yazıb.

İkinci hissənin əvvəli “Vakıfbank Günəş TTelekom” təşəbbüsə yiyələnib və ilk texniki fasiləyə öndə yollanıb – 8:6. Lakin təcrübəli serbiyalı mütəxəssis Zoran Qayiçin tapşırıqları yenidən oyunu “Rabitə”nin xeyrinə dəyişib. Növbəti texniki fasilədə artıq Azərbaycan çempionu hesabda irəlidə olub – 16:15. Bundan sonra türkiyəli voleybolçuların oyunları alınmayıb. Komandamız 9 xala sahib olduğu halda, rəqib bunun 3-də birini qazanıb – 25:18.

Üçüncü hissəni isə rəqib şokda keçirib. Bundan məharətlə istifadə edən “Rabitə” “Vakıfbank Günəş TTelekom”a daha da çətin anlar yaşadıb. Blokda keçilməz olan voleybolçularımızın hücumda qarşısıalınmaz, müdafiədə isə səhvsiz oynayıblar. Yekunda gözlənildiyi kimi, seti 16 xal üstünlüklə bitirən komandamız 3:0 hesabı ilə tarixi qələbə qazanıb.

Bununla da, “Rabitə” həm “Vakıfbank Günəş TTelekom”dan qisasını alıb, həm də adını idman tariximizə qızıl hərflərlə yazdırıb.

Qeyd edək ki, indiyə kimi Azərbaycan klubları nəinki dünya çempionatında medal qazanmışdılar, heç iştirak da etməmişdilər.

Final
19:00. “Vakıfbank Günəş TTelekom” - “Rabitə” - 0:3 (15:25, 18:25, 9:25)


III yer uğrunda
“Sollis Nestle” - “Mirador” - 3:0 (25:9, 25:13, 25:8)
0