Rəşad Yazıçıoğulları: Bu dəfə 3 set oynanılmayacaq
14.10.2011 - 14:00
Rəşad Yazıçıoğulları: Bu dəfə 3 set oynanılmayacaq
“Bu gün dünya çempionatında möhtəşəm bir final izləyəcəyik. Həqiqətən də, hər 2 komanda çox güclüdür və əvvəlcədən qalibi müəyyənləşdirmək çətindir”. Bu sözləri apasport.az saytına açıqlamasında qadın voleybolçulardan ibarət Türkiyə millisinin sabiq baş məşqçisi Rəşad Yazıçıoğulları deyib.

Ötən mövsüm Bakının “İqtisadçı” klubunu da çalışdırmış təcrübəli mütəxəssis bu gün Qətərin paytaxtı Dohada baş tutacaq klublararası dünya çempionatının final matçında üz-üzə gələcək “Vakıfbank Günəş TTelekom” (Türkiyə) - “Rabitə” (Azərbaycan) görüşü ilə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, hər 2 klub dünyanın aparıcı komandalarından hesab olunsa da, həmyerlilərində bir qədər üstünlük nəzərə çarpır: “Düzdür, “Vakıfbank Günəş TTelekom” rəqibindən az da olsa üstündür. Lakin bu amil onların asan qalib gələcəyinə zəmanət vermir. Çox gərgin matç olacaq. Fikrimcə, bu dəfə Çempionlar Liqasındakı kimi finalda cəmi 3 set oynanılmayacaq. Ola bilər ki, qalibi tay-brek müəyyənləşdirsin. Çünki hər 2 tərəfdə kifayət qədər təcrübəli voleybolçular mübarizə aparırlar”.

Yazıçıoğullarınun sözlərinə görə, “Rabitə”nin Çempionlar Liqasının finalındakı məğlubiyyətində oyuna daxil edilən topları götürə bilməməsi əsas səbəb olmuşdu. Bu dəfə Bakı klubu bu səhvləri düzəldərsə, qalib də gələ bilər: “İstanbulda “Dördlər finalı”nda buraxılan səhvlər yəqin burada təkrarlanmayacaq. Çünki komandanız bu problemi aradan qaldırmaq gücündə olan Nataşa Osmokroviç kimi voleybolçu ilə güclənib. O, universaldır və yəqin ki, “Rabitə”yə bu çətinlikdə böyük kömək olacaq. Lakin bütün oyunları izlədiyimdən deyə bilərəm ki, ötən mövsümlə müqayisədə Sanya Staroviç bir qədər formasını itirib. Lakin finalda bu səhvləri sığortalaya bilər. “Rabitə”nin “ikinci mərtəbə”də yaxşı oynaması, voleybolçularının hündürboy olması onların üstünlükləridir. “Vakıfbank Günəş TTelekom”un heyətində hər mövqedə təcrübəli oyunçuları mübarizə apardığından Çempionlar Liqasındakı qələbələrini bir daha təkrarlamağa çalışacaqlar. Bunun üçün də hər 2 klub mənə doğmadır və onlar uğurlar arzulayıram”.

Qeyd edək ki, “Vakıfbank Günəş TTelekom” – “Rabitə” oyunu bu gün saat 19:00-da başlayacaq.
0