Nataşa Osmokroviçdən finalda möhtəşəm uğur
14.10.2011 - 20:00
Nataşa Osmokroviçdən finalda möhtəşəm uğur
Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının finalında “Vakıfbank Günəş TTelekom” (Türkiyə) – “Rabitə” (Azərbaycan) görüşünün ən yaxşı voleybolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici matçın bombardiri 3:0 hesabı ilə tarixi qələbə qazanaraq, dünya çempionu adına layiq görülən Bakı klubunun üzvü Nataşa Osmokroviç olub.

Xorvatiyalı legionerimiz keçirdiyi 4 matçdan 3-də ən çox xal toplamaqla, mundialda ən yaxşı voleybolçumuz olub. Osmokroviç bu dəfə “Rabitə”ni 16 xala sevindirib.

Digər voleybolçularımız – Natalya Məmmədova 12, Nataşa Krsmanoviç və Sanya Staroviç hərəyə 7, Mira Qoluboviç 6 və İrina Jukova 4 xal qazanıblar.

“Vakıfbank Günəş TTelekom”da isə Malqorzata Qlinka və Bahar Toksay 10 xal toplamaqla, klubunun ən yaxşıları olublar.

Qeyd edək ki, “Rabitə”nin kapitanı Natalya Məmmədova yalnız ilk matçda birinci olmuşdu.
0