Bolqarıstan milli komandası Bakıya gətirəcəyi heyəti açıqladı
15.10.2011 - 10:53
Bolqarıstan milli komandası Bakıya gətirəcəyi heyəti açıqladı
Qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Bolqarıstan yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın yeni italiyalı baş məşqçisi Marçelo Abondanç noyabrın 8-dən 13-dək paytaxtımızda baş tutacaq yarışda güvənəcəyi voleybolçuları müəyyənləşdirib.

O, 16 nəfərlik heyətdə cəmi yerli çempionatda oynayan 1 oyunçunu çağırıb. Digər voleybolçular isə legionerlərdir. Abondanç həmçinin, Bakının “Lokomotiv” klubunun çalışdırıcısı Draqutin Baltiçin bu yığmada işlədiyi vaxtda düşərgədən kənarlaşdırdığı Mariya Filipova, Yeva Yanayeva və Diana Nenovaya yenidən dəvət göndərib.
Qeyd edək ki, Bakıya gələcək Bolqarıstan komandasının heyətində isə Azərbaycan üçün 4 tanış sima da olacaq. Bunlar Dobrina Rabadjiyeva (“Rabitə”), Mariya Filipova, Kremena Kamenova və Diana Nenovadır (hər üçü “Lokomotiv”).

Paytaxtımızda keçiriləcək turnirdə Azərbaycan, Bolqarıstan, Çexiya, Ukrayna, Danimarka və Macarıstan voleybolçuları növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda qüvvələrini sınayacaqlar.

Bolqarıstan milli komandasının heyəti

Straşmira Filipova (“Uraloçka”, Rusiya), Svetelina Zarkova (“Konstanta”, Rumıniya), Kristina Ruseva, Elitsa Vasilyeva (hər ikisi “Foppapedretti”, İtaliya), Qabriela Koyeva (“Pavia”, İtaliya), Yelena Koleva (“Dinamo-Romprest”, Rumıniya), Emilya Nikolova (“Konegliano”, İtaliya), Dobrina Rabadjiyeva (“Rabitə”, Azərbaycan), Yeva Yanayeva (“Dinamo” M, Rusiya), Tanya Sabkova (“Beşiktaş”, Türkiyə), Mariya Filipova, Kremena Kamenova, Diana Nenova (hər üçü “Lokomotiv”, Azərbaycan), Mariya Karakaşeva (“Zariçye Odintsova”, Rusiya), Lyubka Debarliyeva (“Leninqradka”, Rusiya) və İvelina Monova (“Maritsa”, Bolqarıstan).
0