Olimpiya çempionunun karyerasında ilk dəfə - FOTO
15.10.2011 - 11:27
Olimpiya çempionunun karyerasında ilk dəfə - FOTO
“Rabitə”nin baş məşqçisi Zoran Qayiçin karyerasında yeni səhifə açılıb. Apasport.az saytının məlumatına görə, Bakı komandasına dünya çempionluğu qazandıran 53 yaşlı serbiyalı mütəxəssis məşqçilik fəaliyyəti müddətində ilk dəfə qadın voleybolçulardan ibarət klubla titul qazanıb.

O, bu uğura “Rabitə” ilə iştirak etdiyi debüt turnirdəcə imza atıb. Karyerası boyunca kişi kollektivlərini çalışdırmış mütəxəssis kifayət qədər titula sahib olsa da, qadın komandası ilə çalışmayıb.

Belə ki, Qayiç Yuqoslaviya milli komandası ilə 2000-ci il Sidney Olimpiadasının finalında adlı-sanlı Rusiya komandasını yenməklə, Olimpiadanın qızıl medallarına layiq görülüb. Bu möhtəşəm uğurdan bir il sonra bu komanda təcrübəli mütəxəssisin rəhbərliyi altında Avropa çempionatının da qızıl medallarına sahib çıxıb.

2002-ci ildə Yuqoslaviya komandasından ayrılan Qayiç Polşa milli komandasının da baş məşqçi postuna ən real namizədlərdən sayılıb. Lakin müqavilə şərtlərində razılığa gələ bilməyən mütəxəssis dünya voleybolunda iz buraxmış Rusiya yığmasının sükanı arxasına keçib. Şimal qonşularımızın voleybol tarixinə ilk əcnəbi məşqçi kimi düşən Qayiç milli komanda ilə 2005-ci il Avropa çempionatının finalına yüksəlib, həlledici oyunda isə meydan sahibləri İtaliya komandasına tay-brekdə məğlub olaraq gümüş medallara sahib çıxıb.

2006-ci ildə Moskvada keçirilən FİVB Dünya Liqasının yarımfinalında Braziliya milli komandasına yenilən Qayiçli Rusiya bürünc medal uğrunda görüşdə Bolqarıstan voleybolçularını 3:0 hesabı ilə yenərək, turniri 3-cü pillədə başa vurub.
0