Cəlil Cəfərov: Tarixi zəfərimiz bir çoxları üçün gözlənilməz oldu
15.10.2011 - 23:00
Cəlil Cəfərov: Tarixi zəfərimiz bir çoxları üçün gözlənilməz oldu
“Təbii ki, dünya çempionatının qalibi olmaq çox böyük uğurdur. Komandamız bu nüfuzlu yarışda inamlı çıxışı ilə planetin ən güclüsü adını qazandı”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə” Voleybol Klubunun prezidenti Cəlil Cəfərov deyib.

Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında keçirilən dünya çempionatı başa çatdı. Yarışa qatılan Azərbaycan çempionu “Rabitə” bütün görüşlərini qələbə ilə başa vuraraq, turnirin qalibi adını qazandı.

Tarixi uğurla bağlı fikirlərini açıqlayan klub prezidenti bildirib ki, “Rabitə”nin qələbəsi bir çoxları üçün gözlənilməz olub: “Bildiyiniz kimi, biz “Dördlər Finalı”nın həlledici matçında “Vakıfbank Günəş TTelekom” komandasına uduzmuşduq. Həmin oyundan sonra demişdik ki, komandamızı gücləndirib, bunun əvəzini çıxmalıyıq. Düzdür, kimsə qalib olacağını qabaqcadan bilməz. Dünya çempionatı çox böyük yarışdı. Amma biz məqsədimizə nail olduq. Bu tarixi zəfərimiz bir çoxları üçün gözlənilməz oldu”.

Cəlilovun sözlərinə görə, Dohaya səfəri zamanı Ümumdünya Voleybol Federasiyasının (FİVB) prezidenti ilə də görüşüb: “Dünya çempionatı elə bir yarışdır ki, hansısa komanda kənardan zəif görünə bilər. Amma dünya çempionatı elə dünya çempionatıdır. FİBV prezidenti ilə görüşümüz oldu. O, “Rabitə”nin qalib adını qazanmasına görə çox təəccüblənmişdi. Dedi ki, qısa zaman kəsiyində çox güclü komanda yaratmısınız”.
0