Natalya Məmmədova: O göz yaşları ən yaxşı təsdiqdir
17.10.2011 - 10:12
Natalya Məmmədova: O göz yaşları ən yaxşı təsdiqdir
“Rabitə” klubunun kapitanı Natalya Məmmədova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Qətərdə keçirilən klublararası dünya çempionatının qızıl medalını qazanan voleybolçu bu yarışın əhəmiyyətindən və keçirdikləri oyunlardan danışıb.

- Sizi qələbə münasibəti ilə təbrik edirik. Təəssüratlarınız necədir?
- Artıq finaldan müəyyən vaxt keçib. Amma məni hələ də emosiyalar təqib edir. Karyeramda çoxlu fərdi mükafatlarım olub. Ancaq belə böyük qələbəm olmamışdı. Mən çox şadam. Nəinki şad, mən xoşbəxtəm!

- Lakin hesaba görə deməzsən ki, bu dünya çempionatının finalı idi...
- Bu, “Rabitə” üçün Çempionlar Liqasının finalındakı məğlubiyyətin revanşı idi. Biz oyuna ağlasığmaz dərəcədə köklənmişdik. Nəticədə meydanda istədiyimizin demək olar hamısı alınırdı. Türklər III setin əvvəlində “sındılar”. Başa düşdülər ki, artıq “Rabitə” qələbəni əldən verməyəcək.

- Çempionlar Liqasının finalından sonra “Rabitə” və “Vakıfbank Günəş TTelekom”un oyunlarında nə dəyişib?
- Hər 2 komandada yayda əsas heyətin 1 voleybolçusu dəyişib. Almaniyalı Kristina Fürst “Vakıfbank Günəş TTelekom”da xorvatiyalı Maja Polyakı əvəzlədi, “Rabitə” isə xorvatiyalı Nataşa Osmokroviçlə gücləndi. Nataşa komandamızın oyununu “bərkitdi”, top qəbulunda etibarlılığı artırdı. İndi İrina Jukova daha çox ötürmə verə və toppaylamaqda sürəti artıra bilər. “Rabitə” tam heyətlə ilk dəfə yalnız Dohada yığışdı. Biz hələ daha çox bir yerdə oynayıb, anlaşmanı artırmalıyıq. Ancaq komandanın ümumi oyunu ötən mövsümlə müqayisədə artıq güclənib.

- “Rabitə”nin yeni baş məşqçisi Zoran Qayiç heç vaxt qadın komandalarında işləməyib...
- Məgər qadınlar kişilərdən az işləyir və ya biz öz işimizin peşəkarı deyilik (gülür)? 2 il öncə Krasnodar “Dinamo”sunda oynadığım zaman mövsümün gedişində komandanın baş məşqçi postuna Yuri Mariçev keçdi. O, bunadək heç vaxt qadınlarla işləməmişdi. Ancaq “Dinamo”ya tarixində ilk dəfə bürünc medallar qazandırdı. Buna görə də Zoran Qayiçin yeni ampluada debütü ilə bağlı heç bir narahatçılıq yox idi. Ən əsası güclü mütəxəssisdir. Oyunçulara, sadəcə onun göstərişlərini dəqiqliklə yerinə yetirmək qalır.

- Bəs onun göstərişləri nədən ibarətdir?
- Biz bloklarda bir-birimizlə anlaşma, müdafiədə sığortalanmaq üzərində çox işləyirik. Yəqin ki, bu nüanslar “Vakıfbank Günəş TTelekom”ı darmadağın etməyimiz üçün köməklik etdi. Statistikaya görə, “Rabitə”nin blokda xalları elə də çox deyil. Ancaq biz daim rəqibi gərginlikdə, topu özümüzdə saxlayırdıq və hücum etmək imkanı qazanırdıq.

- Taym-autlarda Zoran Qayiç serbcə danışır. Siz və İrina Jukova bunu başa düşürsünüzmü?
- “Rabitə”nin əsas heyətində 4 serb və 1 xorvatiyalı oynayır. Ona görə də taym-autlarda serb dili optimal qərardır. Biz İra ilə bu dilə öyrəşmişik. Axı, ötən mövsüm “Rabitə”ni digər serbiyalı baş məşqçi – Dejan Brdjoviç çalışdırırdı. Bundan əlavə, Zoran Qayiç rusca əla danışır və ona görə də bu dildə həmişə bizi başa sala bilər.

- Klublararası dünya çempionatı yeni turnirdir. Onu nüfuzuna görə Çempionlar Liqası ilə müqayisə etmək olar?
- Çempionlar Liqasında 20 komanda oynayır. Turnir demək olar ki, bütün mövsüm davam edir və güclünü müəyyənləşdirmək üçün bir neçə pley-off mərhələsi tələb olunur. Klublararası dünya çempionatı isə qısamüddətli turnirdir. Formatına görə “Dördlər finalı”na oxşayır. Bu prinsipial olaraq, 2 fərqli yarışdır, ancaq hər ikisini udmaq istəyirsən. Çempionlar Liqasını qazanan “Vakıfbank Günəş TTelekom”un voleybolçuları Dohadakı məğlubiyyətdən sonra ağlayırdılar. Həmin göz yaşları dünya çempionatındakı qələbənin əhəmiyyətinin ən yaxşı təsdiqidir.

- Dünya çempionatında iştirak edən bir sıra komandaların səviyyəsi turnirin tələblərinə cavab vermir...
- Əlbəttə, Avropa komandalarının səviyyəsi Keniya və ya Dominikan Respublikasının klublarından qat-qat yüksəkdir. “Rabitə” final yolunda elit klubları - “Vakıfbank Günəş TTelekom”, Braziliyanın “Sollis Nestle” və Tailandın “Çanq” komandalarını məğlub etdilər. Sonuncu komanda əslində ölkəsinin yığması sayılır. Buna görə də, özümüzü hər hansı bəhanəsiz dünya çempionu saya bilərik (gülür)!
0