Nataşa Osmokroviç üçün yeni ad: Şeyxlər ölkəsinin Primadonnası!
17.10.2011 - 11:25
Nataşa Osmokroviç üçün yeni ad: Şeyxlər ölkəsinin Primadonnası!
Rusiyanın məşhur volleyinfo.blogspot.com saytı “Rabitə”nin Qətərdə keçirilən klublararası dünya çempionatında möhtəşəm çıxışını dəyərləndirib. Apasport.az-ın xəbərinə görə, həmkarlarımız 200 min dollar mükafat qazanan yarışın qalibi olan Bakı təmsilçisinin bu uğurunu layiqli sayır. Onların fikrincə, komandamız təkcə çoxsaylı sərmayə qoymur, həm də ən əsası güclənir.

Yazının əsas məğzi “Rabitə”nin mövsümün əvvəlində “Fənətbaxça”dan transfer etdiyi Nataşa Osmokroviçin üzərində qurulub.

Belə ki, Xorvatiya voleybolunun 90-cı illər nəslinin uğurlu nümayəndəsi sayılan 35 yaşlı oyunçuya “Şeyxlər ölkəsinin Primadonnası” adı verilib və zəngin karyerasına nəzər salınıb.

Onun son 2 ildə 2 dəfə klublararası dünya çempionatında qızıl medal qazanması xüsusilə qeyd olunub: “Voleybolçu 30 yaşı keçəndə özünü qorumalı olur, hərdən meydanda az görünür. 35 yaşlı xorvatiyalı ulduz “Rabitə”də sanki öz döyüşkən gəncliyini yada saldı, hücumda da liderlik keyfiyyətlərini göstərdi. Hərçənd, Osmokroviç son illərdə hamıya özünü topqəbuledici kimi ixtisaslaşması ilə öyrədib. Ardıcıl 4 oyun voleybol insanlarına tamam başqa Osmokroviç göstərdi. O, həm müdafiədə, həm də hücumda yaxşı idi. Mükafatlar başına səpələnirdi. Adətən fəxri kürsüyə turnirin ən yaxşı oyunçuları olan 8 voleybolçu çıxmalıdır. Ancaq hərdən elə anlar olur ki, 1 oyunçu 2-3 mükafat qazanır. Natanın (“Fənərbaxça”da oynadığı zaman formasında adı belə yazılırdı) isə Qətərdə etdikləri isə super oyunçu çərçivəsindən də kənara çıxır. “Rabitə”nin voleybolçusu 4 ən yaxşı mükafata – turnirin ən dəyərli voleybolçusu, ən çox xal toplayan, ən yaxşı hücumçu və ən yaxşı topqəbuledici nominasiyalarında qalib adına sahib çıxdı. Veteran voleybolçunun pokeri gənc oyunçunun elit voleybolçular sırasına can atmaq sürətli tərəqqisindən az heyranlıq doğurmur”.
0