Cəlil Cəfərov: Bu dəfə belə hal olmayacaq
18.10.2011 - 23:00
Cəlil Cəfərov: Bu dəfə belə hal olmayacaq
“Biz ötən ildən “Dördlər finalı”na ev sahibliyi etməyə çalışırdıq. Həm də 2010/2011 mövsümündə top qəbulunda zəif oyunumuzu nəzərə alıb, bunu istəyirdim. Çünki evdə keçirdiyimiz görüşlərə nəzər salsaq, “Rabitə”nin ötən il Bakıda məğlub olmadığını görərik. Bu prizmadan yanaşdıqda, bəlkə də yarış ölkəmizdə keçirilsə idi, biz çempion da olardıq”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə” voleybol klubunun prezidenti Cəlil Cəfərov deyib.

O bildirib ki, ötən il bu arzuları alınmasa da, artıq cari mövsümün qalibinin Azərbaycanda müəyyənləşəcəyi dəqiqləşib və bu Çempionlar Liqasında mübarizə aparacaq “Rabitə” ilə “Azərreyl”ə əlavə üstünlükdür: “Təəssüf ki, bu istəyimiz ötən il alınmadı. Ev sahibliyi “Fənərbaxça”ya verildi. Onlara üstünlük iddialı və son dünya çempionu olmaları səbəbindən verildi. Ancaq bu il bütün təkidlərimizə baxaraq, yeni mövsüm üçün püşkatma mərasimində Avropa Voleybol Konfederasiyasının (CEV) prezidentinə bir daha öz xahişimizi etdik. Bildirdik ki, “Eurovision-2012”də Azərbaycanda keçirilməsi də nəzərə alınsın. Bunun üçün bu yarışdan öncə “Dördlər finalı” da Azərbaycana salınarsa, əla olar. Təbii ki, təkliflər nəzərə alındı və rəsmi məktublar istənildi. Bu məktublar isə həm “Azərreyl”, həm də “Rabitə” tərəfindən verildi. Belə olan halda isə CEV-də belə bir qərar var: əgər püşkatma mərasimində, yəni mövsümün startı verilməmişdən qabaq o istək rəsmi olaraq təqdim olunursa, həmin halda “Dördlər finalı”na ev sahibliyi məsələsi yoxdur. Yəni, ötən mövsüm “Fənərbaxça” qrup oyunlarından sonra pley-offlarda iştirak etmədi və “Dördlər finalı”nda rəqiblərini gözlədi. Amma bu dəfə belə hal yoxdur”.

Cəfərovun sözlərinə görə, Bakının ev sahibliyi edəcəyi “Dördlər finalı”nda iştirak etmək üçün bu mərhələyə kimi yarışda uğurla çıxış etməlisən: “Yəni, hər 2 komanda bu mərhələyə yüksələrsə, iştirak edəcək və yaxud hansısa biri. Allah eləməsin, əgər “Rabitə” və “Azərreyl” uduzsa belə, yarış Bakıda olacaq. Digər tərəfdən isə bunun burada keçirilmə hüququ ölkəmizdə olduğu üçün üstünlüyümüzdür”.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış 2012-ci ilin martında təşkil ediləcək.
0