Əli Abbasov: Dünya çempionatındakı qələbə əsl qəhrəmanlıqdır
19.10.2011 - 12:22
Əli Abbasov: Dünya çempionatındakı qələbə əsl qəhrəmanlıqdır
Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatında qızıl medal qazanan “Rabitə” voleybol klubunun üzvlərini qəbul edib. Apasport.az saytının məlumatına görə, paytaxt komandasının çıxışını yüksək qiymətləndirən nazir qazanılan uğuru əsl qəhrəmanlıq adlandırıb.

O bildirib ki, komandanın dünya çempionu olmasına ən böyük qiyməti Azərbaycan Prezidenti İlham Əliyev verib: “Siz həqiqətən gözəl qələbə ilə Azərbaycan tarixinə düşdünüz. Bu uğur münasibətilə dövlət başçısı komandanı qəbul etdi və sizin uğurlarınızı yüksək qiymətləndirdi. Cənab İlham Əliyev “Rabitə”nin mükafatlandırılması haqqında sərəncam imzalayıb və kluba 500 (beş yüz) min manat məbləğində vəsait ayrılıb. Deyim ki, bu yarışda bütün “rabitəçilər”, azərbaycanlılar sizə azarkeşlik edirdilər. Hamı qələbənizə sevinirdi. Çünki dünya çempionluğunu qazanmaq heç də asan deyil. Burada siz voleybolçuların, məşqçi korpusunun böyük əməyi var. Çox yüksək nəticədir. Bu qələbəniz əsl qəhrəmanlıqdır”.

Ə.Abbasov bu uğurun davam etdirilməsinin vacibliyini vurğulayıb: “Bu mövsüm sizi digər yarışlarda da gərgin oyunlar gözləyir. İndi əsas məqsəd Çempionlar Liqasının qızıl medallarını qazanmaqdır”.

Daha sonra “Rabitə”nin prezidenti Cəlil Cəfərov kluba göstərdiyi dəstəyə görə Ə.Abbasova təşəkkürünü bildirib: “Komandamız 2000-ci ildə yaradılıb. Lakin qadınlardan ibarət klubumuz 2004-cü ildən fəaliyyətə başlayıb. Uğurlarımızda sizin əməyiniz çox böyükdür. Çalışacağıq ki, bu qələbələrimizin davamını gətirək”.

Komandanın baş məşqçisi Zoran Qayiş də kluba göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Serbiyalı mütəxəssis deyib ki, dünya çempionluğu ilə kifayətlənmək niyyətində deyillər və yeni mövsümdə çıxış edəcəkləri yarışlarda hədəfləri ancaq birincilik olacaq.

Kapitan Natalya Məmmədova da dünya çempionluğunun ardınca əsas məqsədlərinin Çempionlar Liqasını qazanmaq olduğunu deyib.

Mundialda 4 nominasiyada hamıdan güclü olan Nataşa Krsmanoviç isə Dohada möhtəşəm oynadıqlarını söyləyib. O bildirib ki, bu uğur komandaya göstərilən diqqətin qarşılığıdır və növbəti turnirlərdə də inamlı çıxış planlaşdırırlar.

Qeyd edək ki, tədbirdə “Rabitə” klubuna sponsorları tərəfindən hədiyyələr verilib. Daha sonra Ə. Abbasova üzərində voleybolçuların imzası olan top hədiyyə edilib və xatirə şəkli çəkdirilib.
0