“Bakıda çox gözəl günlər yaşadım” – MÜSAHİBƏ
19.10.2011 - 23:01
“Bakıda çox gözəl günlər yaşadım” – MÜSAHİBƏ
Türkiyə millisinin sabiq voleybolçusu, 275 dəfə “ay-ulduzlular”ın heyətində meydana çıxan, 2009-cu ildə Avropa Liqasının ən yaxşı oyun qurucusu seçilən və Avropa çempionatının (2003) gümüş medalına sahib olan Pelik Çelikin Bakının “Rabitə” klubu ilə müqaviləsi başa çatıb. 172 sm boya malik olan 29 yaşlı voleybolçu bu gün 2 ay şərəfini qoruduğu paytaxt təmsilçisi ilə vidalaşaraq, Ankaraya yola düşəcək. Karyerası ərzində “Vakıfbank”, “Fənərbaxça”, “Beşiktaş” və “Karşıyaka” kimi komandaların şərəfini qorumuş Pelin Azərbaycanı tərk etməzdən öncə apasport.az saytının suallarını cavablandırıb. O, ölkəmizdə olduğu qısa müddətdə burada çoxlu dost qazandığını və “Rabitə” ilə birgə dünya çempionluğu kimi titul qazandığını xüsusi vurğulayıb. Çelik hətta növbəti mövsümdə yenidən Azərbaycanda oynamaq imkanının olduğunu bildirib.

- Sizi Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının qalibi olmağınız münasibəti ilə təbrik edirik. Mundialla bağlı nə deyə bilərsiniz?
- Bir türk kimi, Azərbaycan klubu ilə dünya çempionu tituluna yiyələnmək və finalda da türk komandasına qalib gəlmək çox böyük bir uğurdur. Yəni, “Rabitə” ilə mundialın qızıl medallarına sahib olduğum üçün çox xoşbəxtəm.

- “Rabitə” ilə müqavilə bağlayarkən, belə möhtəşəm titulu qazanacağınızı gözləyirdinizmi?
- Mənim “Rabitə”yə keçidimin məhz bir nömrəli səbəbi bu komandanın Dohada mundilala qatılması olub. Təbii ki, transferimdə də klubun adının dünya çempionluğuna namizədlər arasında yer alması böyük əhəmiyyət kəsb edib.

- Bəs yarışda çıxışınıza hansı qiyməti verərdiniz?
- Biz dünya çempionatında çox çətin matçlar oynadıq, amma yekunda qələbə qazandığımız üçün sevincliyik. Çünki yaxşı təlim-məşq toplanışı keçirmişdik.

- Finalda Çempionlar Liqasının qalibi və sabiq komandanız olan “Vakıfbank Günəş TTelekom”u belə asan məğlub edəcəyinizi gözləyirdinizmi?
- Düzünü deyim ki, bu qədər asan qalib gələcəyimizi düşünmürdük. Amma həlledici matçda çox gözəl oynadıq və “Vakıfbank Günəş TTelekom” üçün pis məğlubiyyət oldu. Çünki biz onları taktiki və digər cəhətdən üstələdik. Bunun üçün də qarşılaşma asan qələbə kimi göründü.

- Həmyerlilərinizə qalib gəldiyiniz üçün hansısa üzüntü yaşadınızmı?
- Xeyr. Mən həmin matçda “Rabitə”nin voleybolçusu idim və qalib gəldiyimiz bir görüşdən sonra kimə qarşı olursa-olsun üzülmədim.

- “Rabitə” ilə sizin müqaviləsiniz 2 aylıq idi. Artıq Azərbaycanı tərk edirsiniz. Bakıdan hansı təəssüratlarla ayrılacaqsınız?
- Bakıda çox gözəl günlər yaşadım. Azərbaycanda hər bir kəs mənə yardımçı oldu. Sonda dünya çempionu olduğumuz üçün çox xoşbəxtəm. Burada gərgin və lazımlı məşqlər keçdik. Deyərdim ki, yekunda mənim üçün əla sonluqla bitən transfer oldu.

- Növbəti mövsümdə hansı klubda çıxış edəcəyiniz hələ dəqiqləşməyib. Yəni artıq müqavilə ilə heç bir komandaya məxsus deyilsiniz. Bəs özünüz üçün yeni klub tapmısınızmı?
- Bu, düzdür. Amma Azərbaycandan və Türkiyədə yenidən oynamaq şansım var, artıq təkliflər almışam. Bir neçə gün ərzində qərarımı verəcəyəm.

- Bakı klublarından hansı sizi heyətində görmək istəyir? Mümkündürmü bunu açıqlayasınız?
- Xeyr, bunu hələ demək olmaz. Tezliklə qərarımı verəcəyəm.

- Bəs təkliflər eyni olarsa və seçim qarşısında qalsanız, yenidən Azərbaycana üstünlük verərsinizmi?
- Bəli, şərtlər eyni olarsa, ölkənizə üstünlük verəcəyəm. Çünki burada şərait daha yaxşıdır və ona görə ilk seçimim Azərbaycanla bağlı olacaq.

- Ötən il çıxış etdiyiniz “Beşiktaş”da hazırda maliyyə böhranı hökm sürür. Komanda üzvləri artıq 3 aydır ki maaşlarını ala bilmirlər...
- Bu, “Beşiktaş” üçün normal haldır. Mən orada çıxış edən zamanda da belə hallar yaşanırdı. Böyük camiənin klubu bir daha belə çətinlik çəkməz. Çünki bu voleybolçular üçün sıxıntıdır. Mənim “Beşiktaş”dan ayrılmağımın səbəblərindən biri də məhz budur.

- Amma nəzərə alaq ki, “qara qartallar” yeni mövsümdə qarşıya ciddi məqsədlər qoyublar. Onlar hətta baş məşqçi postunu 2 il idi Azərbaycanda çalışan Adnan Kistaka həvalə etdilər...
- Bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Bu klubun vəziyyəti ilə bağlıdır. Çünki “Beşiktaş”ın sponsoru yoxdur. Hər il eyni problem olduğu üçün çox ciddi problem deyil.

- Bəs artıq vidalaşıb getdiyiniz “Rabitə” komandası barədə nə deyə bilərsiniz? Bakı komandası Azərbaycan Super Liqasında və Çempionlar Liqasında dünya çempionatındakı uğuru təkrarlaya biləcəkmi?
- Bu komanda çox güclüdür. Bunun üçün iştirak etdikləri hər bir turnirdə çempion ola biləcəklərini düşünürəm.
0