“Bakıya gəlməsəydim, oğlumu görməzdim”
21.10.2011 - 13:56
“Bakıya gəlməsəydim, oğlumu görməzdim”
“Rabitə” klubunun Dohada keçirilən dünya çempionatında qalibi olmasında xüsusi pay sahibi və 4 nominasiyada (ən dəyərli oyunçusu (MVP), ən çox xal toplayan, ən yaxşı hücumçu və ən yaxşı topqəbuledici) bütün voleybolçulardan güclü olan xorvatiyalı Nataşa Osmokroviçin apasport.az saytına müsahibəsi

- Dünya çempionluğunu necə dəyərləndirərdiniz?
- Bu yarışda qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Həm də ona görə sevinirəm ki, mundialda ikinci dəfə iştirak edib, hər ikisində də qızıl medallara layıq görülmüşəm. Turnirə gəlincə, hər şey yüksək səviyyədə təşkil edilmişdi. Çox yaxşı haldır ki, Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandalar arasında olduğu kimi, klublararası dünya çempionatı da təşkil edir. Bu, təqdirəlayiq haldır. Dünya çempionatının səviyyəsi isə kifayət qədər yüksəkdir. Bununla belə, gələcəkdə mundialın səviyyəsinin daha da artacağına inanıram.

- Mundialda ardıcıl 4 oyun keçirdiniz. Bunlardan hansı “Rabitə” üçün daha asan və daha çətin keçdi?
- Fikrimcə, ən asan oyunumuz Dominikan Respublikasının “Mirador” klubuna qarşı oldu. Çətin matçımız isə Tailandın “Çanq” komandası ilə keçdi. Onlarla matç bizim yarışda ilk oyunumuz idi və bu görüşə uzun müddət hazırlaşmışdıq. Çünki “Çanq”ın üzvləri çoxdan bir yerdə oynadıqlarından, milli komandalarının əsasını təşkil etdiklərindən və başqa üslubda voleybol oynadıqlarından rəqiblə mübarizə bir qədər çətin idi.

- Finalda “Vakıfbank Günəş TTelekom”u belə asan məğlub edəcəyinizi gözləyirdinizmi?
- Xeyr, mən belə asan qalibiyyət gözləmirdim. Düşünürdüm ki, rəqib bizə çox ciddi müqavimət göstərəcək. Məncə, bu ondan irəli gəlir ki, onlar da bizim belə gözəl oynayacağımızı təxmin etmirdilər. Amma biz türklərə yaxşı çıxış üçün heç bir şans vermədik. Yəni öz oyunumuzu yüksək səviyyədə oynayıb, rəqibin çıxışının alınmamasına “şərait” yaratdıq.

- Siz dünya çempionatının ən dəyərli voleybolçusu seçildiniz və digər 3 nominasiyada qalib oldunuz. 35 yaşında şəxsi karyeranızda belə bir uğur qazanmağınız ikinci gəncliyinizə qədəm qoymağınızdan xəbər verir. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Mən bu dünya çempionatında istədiyim hər şeyi etdim. Nəinki müəyyən sahədə, öz oyunumu 100 faiz ortaya qoydum. Bu isə 35 yaşda belə əhəmiyyətli mükafatları qazandığım üçün böyük şərəfdir və yalnız qürur hissi gətirir. Amma nəzərə alın ki, mən bu yaşda formamı qorumaq üçün bir çox şeylərə riayət etməli oluram. Qida rasionumdan tutmuş fiziki hazırlığıma kimi hər şeyə xüsusi diqqət yetirirəm. Hətta bəzi tibbi məsələlərə də ciddi yanaşıram ki, bu yaşda belə gözəl oyun göstərə biləm. Bunu bacardığım üçün xoşbəxtəm.

- Finalda türklərə qarşı gözəl oyununuzu ötən il “Fənərbaxça”da oynamağınızla və bu komandanın zəif nöqtələrini bilməyinizlə əlaqələndirmək olarmı?
- Son 2 ildə Türkiyədə çıxış etmişəm və dəfələrlə bu komandaya qaşı oynamışam. Bəli, “Vakıfbank Günəş TTelekom”un zəif və güclü cəhətlərini yaxşı bilirdim. Əlbəttə, hazırlıqlarda da məşqçilərlə fikir mübadiləsi aparırdıq, komandamızın onlara qarşı necə oynayacağının yollarını axtarırdıq. Düşünürəm ki, yaxşı çıxışımda Türkidə oynamağımın da böyük faydası oldu.

- Siz “Rabitə”dən öncə artıq bir dəfə Türkiyə klubu – “Fənərbaxça” ilə də dünya çempionluğu sevincini yaşamısız. Bu qələbələri necə müqayisə edərdiniz?
- Düzdür, mən 2 dəfə mundailda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Amma deyərdim ki, “Rabitə” ilə qazandığım çempionluq mənə daha əzizdir. Çünki ötən il çiynimdən zədə almışdım və yarış ərəfəsində bunu yenicə sağaltmışdım. Bu səbəbdən də başlanğıcda istədiyim voleybolu göstərə bilmədim. Amma bu dəfə mən hər mövqedə istədiyim oyunu göstərdim. Bu da öz növbəsində xoşbəxtlikdir ki, komandanın çempion olmasına öz töhfəmi verə bildim.

- Yeni mövsümə uğurla başladınız. Amma komandanızı Super Liqada gərgin oyunlar gözləyir. Burada oynayacaq klublar barədə məlumatınız varmı? Hədəfiniz nə olacaq?
- Super Liqanın səviyyəsinin çox yüksək olması və ildən-ilə daha da inkişaf etdiyi barədə məlumatım var. Komandalar haqqında da bilgilərə malikəm. Bilirəm ki, buraya dünyanın bir nömrəli ulduzları gəlməyə başlayıblar və bu səbəbdən yarış ötən illərlə müqayisədə daha gərgin keçəcək. Məqsədimiz yalnız çempionluqdur. Çünki klubumuz çox güclüdür və fikirləşirəm ki, əgər bu oyun tempini davam etdirsək, bizi qələbədən heç nə saxlaya bilməz. Amma çox çalışmalı və hər oyuna ciddi yanaşmalıyıq.

- Bəs Çempionlar Liqasında çıxışınızla bağlı nə deyə bilərsiniz? Dünya çempionatındakı uğurun ardını gətirə biləcəksinizmi?
- Bizim məqsədimiz də ilk növbədə Çempionlar Liqasını qazanmaqdır. Bunun üçün çox çalışırıq. Məşqlərimiz intensiv keçir və Çempionlar Liqasının da qalibi olmağa layiqik. Ancaq Super Liqanın və bu turnirin sonuna kimi voleybolçuların da formasını qoruması çox önəmlidir. Yəni bu tempdə məşqlərimizi davam etdirməliyik.

- Qrupunuzdakı klublarla bağlı fikirləriniz də maraqlı olardı...
- Rəqiblərimizdən “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) tanıyıram. Amma onların oyununa o qədər də yaxından bələd deyiləm. “Fənərbaxça” isə çıxış etdiyim klubdur. Bunun üçün onlarla bağlı bir çox məlumatlarım var.

- Azərbaycan barədə nə deyə bilərsiniz? Bakı sizdə hansı təəssüratları oyatdı?
- Ölkəniz barəsində yalnız xoş sözlər deyə bilərəm. Çünki mən Bakıya gələnə kimi voleybolun bu dərəcədə sevildiyini heç təsəvvür edə bilməzdim. Özü də qadın voleybolunun. Buradakı münasibəti gördükdən sonra yaxşı mənada təəccübləndim. Xüsusən, biz dünya çempionu olduqdan sonra komandamıza münasibət daha yaxşı olmağa başladı. Həmçinin, Bakı çox gözəl şəhərdir. İnsanları da bacardıqları hər bir köməyi etmək qabiliyyətinə malikdirlər. Mən bir çox ölkələrdə - Türkiyə, Braziliya, İtaliya və Yaponiyada oynamışam. Amma azərbaycanlıların insana dəstək olmaları fərqlidir və onlar həmişə köməyə hazır görünürlər.

- Bilirik ki, burada hələ boş vaxtınız olmayıb. Ümumiyyətlə, asudə vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz?
- Asudə vaxtım kifayət qədər olmur. Amma mənim bu anlarda ən xoşladığım şey övladımla birgə olmaqdır. Kitab oxumağı da sevirəm. Sözün düzü, asudə vaxtlarımda etmək istədiyimi indi həyata keçirməyə müvəffəq olmuram. Çünki o vaxt məndə olmur.

- Azərbaycan mətbəxinə münasibətiniz necədir?
- Kifayət qədər dadlı və ləzzətli yeməkləriniz var. Amma əfsuslar olsun ki, onların tərkibi idmançılar, xüsusən də qadınlar üçün çox ağırdır. Yəni bu formanı itirməyə səbəb ola bilər. Çünki sizin yeməklərdə yağ və zülal idmançılar üçün lazım olandan artıqdır. Amma ləzzətinə heç bir söz ola bilməz. Mən də istəyərdim ki, onlardan həmişə dadım. Lakin formamızı qorumaq üçün müəyyən təamlardan imtina etməli oluruq. Əgər biz bu yeməklərdən az yeməsək, daha əvvəl verdiyiniz – “35 yaşda özümü belə yaxşı hiss etməyimlə” bağlı suala qayıtmalı olacağıq. Yəni öncə dediyim kimi formamı qorumaq üçün məhz bəzi şeylərdən imtina edirəm.

- “Rabitə”yə transferiniz heç də asan alınmayıb. Çünki komanda rəhbərliyi bir qədər geciksə idi, siz Kazan “Dinamo”suna keçə bilərdinz. Bakı klubunu seçməyinizdə hansı amillər rol oynadı?
- Ən başlıcası oğlumla bağlıdır. Mən uşağımla vaxt keçirməyimi çox istəyirəm. Azərbaycanda da bütün oyunlar Bakıda keçirilir. Əgər mən Rusiyaya getsəydim, yəni Bakıya gəlməsəydim, demək olar evdə olmayacaqdım və oğlumu da az görəcəkdim. Bununla yanaşı, bir çox səbəblər də var. Azərbaycan Super Liqasının səviyyəsi də çox yüksəkdir. Komandalar da kifayət qədər ciddi hədəflər uğrunda mübarizə aparırlar. “Rabitə”nin təklif etdiyi müqavilə də, “Dinamo” ilə müqayisədə daha cəlbedici oldu. Bu da Azərbaycana gəlməyimdə çox böyük amildir. Əsas səbəblərdən də ən yüksəyi bu klubun hədəfləridir. Məhz bu amillərə görə Bakı klubunu seçməkdə heç bir çətinlik yaşamadım. Bununla yanaşı, mən Azərbaycanda özümü Xorvatiyada - evimdə olduğu kimi hiss edirəm. Bildiyiniz kimi, komandamızda doğma dilimizdə çox insan danışır və bu da mənim üçün rahatdır.
0