Natalya Məmmədova: Azərbaycanda futbolçu dostlarım var - MÜSAHİBƏ
21.10.2011 - 14:32
Natalya Məmmədova: Azərbaycanda futbolçu dostlarım var - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və “Rabitə” klubunun voleybolçusu Natalya Məmmədovanın Lent.az-a müsahibəsi

- Qadın voleybolunda heç də hamıya bir komandada uzun müddət qalmaq nəsib olmur. Amma Siz ikinci mövsümdür ki, “Rabitə”dəsiniz. Bu komandada özünüzü necə hiss edirsiniz?
- Burada özümü yaxşı hiss edirəm, hər şey məni qane edir. Yəqin ki, özüm də oyunumla klub rəhbərliyini razı salıram. Ona görə də bizdə hər şey qarşılıqlıdır. Bir çox voleybolçunun tez-tez klubunu dəyişdiyinə dair fikirləri bölüşmürəm. Əksinə, bir komandada 2-3 mövsüm, hətta daha çox oynayanlar var. Bizim komanda yüksək səviyyədə çıxış etmək və yüksək hədəflərə nail olmaq üçün formalaşıb. Vəsait ayrılıb, müəyyən işlər aparılır ki, güclü komandamız olsun və Çempionlar Liqasında yarışaraq, yüksək nəticələr əldə etsin.

- Klublararası dünya çempionluğunu qazanmağınızda hansı amillər həlledici rol oynadı?
- Bütün komanda qələbəyə köklənmişdi. Hamının bir məqsədi vardı: Dünya çempionatının qalibi olmaq! Bu, bizim gücümüz daxilində idi. Ona görə də çalışdıq və arzularımız reallığa çevrildi. Biz bunu bacardıq!

- Bir çoxlarının fikrincə, bu uğurunuzda yeni baş məşqçi Zoran Qayiç və yeni transfer Nataşa Osmokroviçin xüsusi rolu var...
- Osmokroviçin gəlişi ilə komandamızda top qəbulu gücləndi. Bu elementi daha etibarlı yerinə yetirməyə və cinahlarda daha tez çıxış etməyə və blokları dağıtmağa başladıq. Beləliklə, bizim üçün oyun daha asan alındı. Baş məşqçimiz də dəyişdi. Qayiç voleybola öz baxışları, taktikası və müəyyən yenilikləri ilə seçilir. Biz də oyunumuzu daha da yaxşılaşdırmaq üzərində çalışırıq.

- Ötən mövsüm “Rabitə”nin heyətində Azərbaycan çempionu, Çempionlar Liqasının finalçısı oldunuz. Bu mövsüm eyni nəticələri göstərməsəniz, bu, uğursuzluq sayılmayacaq?
- Mən pis şeylər haqqında yox, pozitiv düşünmək istəmirəm. Yenə digər komanda yoldaşlarımla birgə Azərbaycan çempionu olmaq, Çempionlar Liqasında daha yaxşı nəticə göstərmək niyyətindəyəm. Ötən mövsüm Çempionlar Liqasının final matçında uduzduğumuz Türkiyənin “Vakıfbank Günəş Sığorta Türk Telekom”u klublararası dünya çempionatının finalında yenmişik. Ona görə də deyə bilərəm ki, bu gün dünyanın ən güclü klubu “Rabitə”dir.

- Elə isə Çempionlar Liqasının finalından ötən 6 ay müddətində nə dəyişdi ki, eyni komandanı məğlub etməyi bacardınız?
- Hər şey hazırlıq səviyyəsindən asılıdır. Martın sonlarında Türkiyə klubu fiziki, psixoloji, taktiki cəhətdən daha hazırlıqlı idi. Onlar üçün uğurlu, bizim üçün uğursuz gün idi. Bu dəfə isə biz daha güclü idik. “Rabitə” də, “Vakıfbank Günəş Sığorta Türk Telekom” da eyni səviyyədədir. Amma hərdən xırda amillər komandanın nəticəsinə təsir edir. Bu dəfə uğur bizim tərəfimizdə oldu. Baş məşqçimiz bizi psixoloji cəhətdən də yaxşı hazırlamışdı. Nəticədə 3:0 hesabı ilə qalib gələrək, çempion olduq.

- Niyə Azərbaycan millisində bu oyunu sərgiləyə bilmirsiniz? Bir neçə həftə öncə çıxış etdiyiniz Avropa çempionatında ¼ finala belə yüksəlməyi bacarmadınız...
- Bilmirəm, səbəbini izah edə bilmərəm. Biz də uğurla çıxış etmək istəyir, çalışır, hazırlaşırdıq. Bir neçə oyunçumuz, o cümlədən, mən zədəli idik. Ola bilsin, bu da öz təsirini göstərdi. Biz tam qüvvə ilə çıxış edə bilmədik. Nəyə görəsə alınmadı.

- Bəlkə yığmada “Rabitə”dəki kimi səviyyəli voleybolçular azdır?
- Yığma ilə klub arasında fərqlər var. Təbii ki, klubda ən güclü legionerlər toplaşıblar. Yığma isə milli kadrlar üzərində qurulur. Əlbəttə, milli komandamız pis çıxış etmir. Deyə bilmərəm ki, zəifdir. Sadəcə, qalib gəlmək üçün hansısa xırda amil çatışmır. Ona görə də Avropa çempionatında Hollandiyanı yenə bilmədik.

- Deyilənlərə görə, Qayiç yığmamıza da rəhbərlik edə bilər...
- Mən bu fikirlərin doğru olduğunu düşünmürəm.

- 2003-cü ildən Azərbaycandasınız. Bura gələndən indiyədək həyata baxışlarınızda hansı dəyişikliklər baş verib?
- Mənim üçün burada yaşadığım dövrdə heç nə dəyişməyib. Heç bir yenilik yoxdur. Təbii ki, Azərbaycana gələrkən, mənə hər şey yeni görünürdü. Burada yad idim. Fərqli insanlar, fərqli mentalitet, fərqli ölkə. Amma artıq 8 ildir Azərbaycandayam. Bura öyrəşmişəm. Şəhəri, insanları tanıyıram, çoxlu dostlarım var. Buranı özümə ikinci ev sayıram.

- Dünya çempionluğu qarşılığında 200 min dollar mükafatdan əlavə, dövlət tərəfindən “Rabitə”yə 500 min manat ayrılıb. Bu qədər vəsaiti hara xərcləyəcəyinizi müəyyənləşdirmisiniz?
- Hələ əlimizə pul gəlib çatmayıb. Şəxsən mənə nə qədər mükafat ayrılacağından xəbərsizəm. Pulu almayanadək ciddi məbləğin olub-olmayacağını da söyləmək çətindir. Ona görə də hara xərcləyəcəyimi deyə bilmərəm.

- Bakıda mənzil almaq fikriniz var?
- Xeyr, mənim Bakıda daşınmaz əmlak almaq istəyim yoxdur. Çünki burada yaşamağa və gələcəyimi Azərbaycanla bağlamağa hazırlaşmıram. Ona görə də mənə Bakıda mənzil lazım deyil.

- Elə isə daha neçə il burada qalmaq fikrindəsiniz?
- Hazırda Azərbaycanda çıxış edirəm. Gələcək taleyimin necə olacağını, növbəti mövsüm də “Rabitə”də oynayıb-oynamayacağımı bilmirəm. 2011-2012-ci il mövsümü yenicə başlayıb. Sağlamlığım imkan verdiyi qədər oynayacağam.

- Siz Ukraynanın Donetsk şəhərində dünyaya gəlmisiniz. Donetskdə daha çox “Şaxtyor” futbol klubu tanınır. Futbolla, “Şaxtyor”un çıxışları ilə maraqlanırsınız?
- Bəli, imkan düşdükcə maraqlanıram. Amma “Şaxtyor”da nə dostlarım var, nə də Donetskdə olarkən ev oyunlarına baxa bilirəm. Yeni tikdikləri “Donbass Arena”nı görsəm də, orada oyuna baxmamışam. Çünki futbola getməyə vaxtım olmur. Gah oyunlar mənim səfər tariximlə üst-üstə düşmür, gah da daha vacib işlərim çıxır.

- Azərbaycanda çoxlu ukraynalı idmançı var. Onlardan kiminləsə dostluq edirsiniz?
- Bəli. Mənim burada çıxış edən ukraynalı dostlarım, tanışlarım var. Məsələn, futbolda. Amma onların adlarını çəkməyəcəyəm.

- Bəlkə futbol yığmamızda çıxış edən əslən ukraynalı Aleksandr Çertoqanovla Volodimir Levini nəzərdə tutursunuz?
- Mən ad çəkməyəcəyəm.
0