“Özümü çoxdan azərbaycanlı sayıram” - MÜSAHİBƏ
21.10.2011 - 23:02
“Özümü çoxdan azərbaycanlı sayıram” - MÜSAHİBƏ
Bir müddət öncə Azərbaycan yığmasına cəlb edilən slovakiyalı voleybolçu Yana Ağayevanın (Matiasovska) apasport.az saytına müsahibəsi

- Yay istirahətini necə keçirdiniz? Azərbaycanda oldunuz, yoxsa Slovakiyaya yollanmışdınız?
- Mövsümlərarası fasilədə bizə cəmi 4 həftə istirahət verildi. Mən də öncə Amerikaya - dostlarımın yanına yollandım. Orada istirahət etdikdən sonra isə Berlinə getdim. Almaniyada da çoxlu dostlarım var (gülür). Onlarla birlikdə yaxşı istirahət etdik. Ardından Amsterdama və nəhayət Çexiyaya gəldim burada valideynlərim yaşayır. Bir sözlə, bu il çox əla istirahət etdim.

- Müəyyən müddətdən sonra yenidən Çempionlar Liqasında oynayacaq “Azərreyl”də hazırlıqlar necə gedir?
- Hər kəs var gücü ilə məşq edir, komandada çox yüksək ab-hava var. Bütün oyunçular bilirlər ki, bu il çox gərgin mövsüm olacaq. Hamımız çalışırıq ki, oyunlar ərəfəsində yaxşı formada olaq.

- Necə fikirləşirsiniz, Avropanın ən mötəbər turnirində əsas heyətdə yer ala biləcəksinizmi?
- Mənə elə gəlir ki, bəli. Bunu çox istəyirəm. Məncə hər bir voleybolçu “Azərreyl”in heyətində çıxış etməyi istəyir. Belə mötəbər yarışda əsas heyətdə mübarizə aparmaq böyük fəxrdir. İnanıram ki, bu il mən “Azərreyl”in əsas heyətində yer alacam.

- Çempionlar Liqasındakı rəqiblərinizi necə analiz edərdiniz?
- Rəqiblərimizin hər biri güclüdür. Amma komandamız da heç zəif deyil. Bunu ona görə dedim ki, hər bir klub rəqibinə ciddi yanaşmalıdır və güclü rəqib kimi baxmalıdır. Yoxsa heç bir qələbədən danışa bilmərik. Ayrı-ayrılıqda baxsaq, “Vakıfbank Günəş TTelekom” çox təcrübəlidir. Çox keçmişə getmək lazım deyil. Oktyabrın 14-də sona çatan klublararası dünya çempionatında gümüş mükafatçı oldu. İtaliya “Foppapedretti”si də dünyanın ən tanınmış və ənənələri olan bir klubdur. Rumıniyanın “Tomis” komandası isə bu onlarla müqayisədə bir balaca zəifdir. Amma unutmamalıyıq ki, əgər komanda Çempionlar Liqasında çıxış edirsə, deməli, zəif sözünü deyə bilmərik.

- “Azərreyl”in qarşısına bu il hansı məqsədlər qoyulub?
- Bu il həm Azərbaycan millisi, həm də klubumuz üçün çox maraqlı və gərgin olacaq. Ən əsas da üzərimizə çox böyük öhdəliklər düşür. Qarşıda yığmamızı Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsi gözləyir. Sonra isə Azərbaycan çempionatı və nəhayət, Çempionlar Liqası... İlk növbədə məqsədimiz Bakıda olacaq seçmə mərhələni birinci yerdə başa vurmaqdır. Ardınca Azərbaycan çempionu və Çempionlar Liqasının qızıl medallarını qazanmaq istəyirik. Ən pis halda, ilk “üçlüyə” düşməyi planlaşdırırıq.

- Sizcə Super Liqanın yeni mövsümdə “Rabitə”nin 5 illik çempionluq seriyasını dayandırmaq mümkün olacaqmı?
- Fikrimcə, 5 il çempion olmaq, yeni mövsümdə də komandanın qızıl medal qazanacağı demək deyil. Çünki biz də güclüyük və çempionluğu hər hansı bir kluba rahatlıqla verə bilmərik. Finalda görüşə bilərik. Burada isə artıq kim güclüdürsə, o da qalib olar. Əlbəttə ki, çox istəyərdim ki, biz birinci olaq.

- Bir qədər də milli barəsində danışaq. Siz artıq Azərbaycan vətəndaşlığını qəbul etmisiniz və yaxın gələcəkdə millimizin şərəfini qoruyacaqsınız. Yananı yığmamızda oynamaq istəyi haradan yararlandı?
- Mən Azərbaycana klubda oynamaq üçün təklif almışdım. Bura gəldiyim zaman bu barədə fikirləşmirdim. Təcrübəli mütəxəssis Faiq Qarayev mənə yaxınlaşıb zarafatla “sən Azərbaycan milli komandasında çıxış edəcəksən” deyəndə, mən inanmadım. Amma sənədlərim hazır olandan sonra çox sevindim. Həm Azərbaycan milli komandası, burada idmana göstərilən diqqət və nəhayət ki, çox xoşuma gələn Bakıda qalmaq... Mən yığmada çıxış edəcəyim üçün çox şadam. Çünki bu karyeram üçün böyük şans oldu.

- Bəs seçimin valideynlərin və Vətənin Slovakiyada necə qarşılandı?
- Valideynlərim də çox sevindilər. Çünki onlar da mənim xoşbəxtliyim və uğurlu karyeram üçün hər şeyi edirlər. Bir daha deyirəm, Azərbaycan milli komandasında çıxış etmək mənim üçün böyük şansdır. Elə buna görə də yaxınlarım bunu müsbət qarşıladılar. Artıq mən özümü çoxdan azərbaycanlı sayıram.

- Sizin Azərbaycan komandasında debütünüzün dəqiq tarixi bilinirmi?
- İnanın, o günü çox səbirsizliklə gözləyirəm. Bu, çox yaxındadır. Dəqiq vaxtını isə hələlik bilmirəm.

- Azərbaycan yığmasının gələcəyi barədə nə deyə bilərsiniz?
- Çox güclü bir komandadır. Yığmamızda çox təcrübəli voleybolçular var. Bu oyunçular gənc, təcrübəsi az olanlara çox köməklik edirlər. Elə mən də... Düşərgəmizdə oyunçular arasında çox yaxşı münasibət var və bu çox əsas məqamdır. Fikrimcə, uzağı 3-4 ilə, elə bu il də komandamız hər bir iddialıya qarşı rahat qələbə qazanmaq gücündədir. İnanıram ki, ən qısa vaxt ərzində biz dünyanın ən güclülərindən olacağıq.

- Bəs noyabrda Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində yığmamız növbəti mərhələyə vəsiqə qazana biləcəkmi?
- Vətənimizdə olacaq turnirdə bizim qrupda əsas rəqiblərimiz Bolqarıstan və Çexiya milliləri olacaq. Fikrimcə, hər 2 komandaya qalib gələ bilərik. Bir sözlə, biz mayda Türkiyədə olacaq Avropa Olimpiya təsnifat turnirinə vəsiqə qazana bilərik. Sonda bir daha qeyd etmək istərdim ki, bu il çox gözəl voleybol ili olacaq.
0