Yığmamızdakı maliyyə problemi həll olundu
25.10.2011 - 11:14
Yığmamızdakı maliyyə problemi həll olundu
“Bütün problemlərimiz yoluna qoyulub”. Bunu apasport.az saytına açıqlamasında kişi həndbolçulardən ibarət Azərbaycan yığmasının baş məşqçisi Hikmət Abdullayev deyib.

Artıq milli komandamızın noyabrın 3-də Maltada start götürəcək “Çelenc Cup”da iştirakında problem yaranmayıb. Belə ki, az öncə həndbolçularımızın yarışa yollanması sual altında olsa da, artıq bu çətinlik aradan qaldırılıb.

Abdullayev bildirib ki, yarışa iddialı gedirlər: “Biz hələ komandaya pul ayrılmamışdan da məşqlərimizi davam etdirirdik. Artıq iştirakımız tam təsdiqlənib və uşaqlarla rəqibləri də müzakirə etmişik. Ancaq “Çelenc Cup”da əsasən gənc həndbolçuların yer alacağından, favoriti proqnozlaşdırmaq çətindir. Rəqiblərimizdən Şotlandiya da bizi kimi az oyun keçirir. Maltada isə demək olar ki, heyət elə də zəif deyil. Amma Moldova daha güclüdür. Çünki onların heyətlərində Rumıniya çempionatında oynayanlar var. Bununla yanaşı, moldovalıların 2 klubu Avropa kuboklarında çıxış edirdilər. Biz bunlara diqqət yetirməyərək, öz oyunumuzu oynamağa çalışacağıq. Fikrimcə, komandamız yaxşı çıxış edəcək”.

Qeyd edək ki, noyabrın 3-də Maltada start götürəcək yarışın ilk günündə (4 noyabr) millimiz ev sahibləri ilə oynayacaqlar. Noyabrın 5-də rəqibimiz Şotlandiya yığması olacaq. Bir gün sonra axırıncı matçda isə Moldova həndbolçuları ilə qarşılaşacağıq.
0