“Azərbaycan yığması yaxşı səviyyədə olduğunu göstərir”
26.10.2011 - 09:39
“Azərbaycan yığması yaxşı səviyyədə olduğunu göstərir”
“Biz komandada çətinliklərin çox olduğunu görürük. Ancaq hesab edirəm ki, çoxlu iş görsək Bolqarıstan yığması Avropa voleybolunda aparıcı milliyə çevrilə bilər”. Apasport.az saytının məlumatına görə, Bolqarıstan milli komandasının baş məşqçisi Marçelo Abondanç deyib.

İtaliyalı mütəxəssis noyabrın 8-12-də Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsinə münasibət bildirib. Azərbaycan yığması ilə eyni qrupda yer alan rəqibin çalışdırıcısı bildirib ki, az öncə sükanı arxasına keçdiyi Bolqarıstan millisi barədə ilkin təəssüratları müsbətdir və debüt edəcəyi paytaxtımızdakı yarışa nikbin baxır: “Mən indi burada olduğuma görə şadam. Bolqarıstanın qadınlardan ibarət yığmasına rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Fikrimcə, bu komandada böyük potensial var. Buna görə də böyük ümidlər bəsləyirəm. Bu gənc komanda ilə çox iş görsək, sürətli inkişaf gedə bilər. Mən buraya yalnız bir gündür ki, gəlmişəm. Ancaq qızlarla tanış olmağa vaxt tapmışam və onlarla əməkdaşlığa başlayaraq, hazırlıq səviyyələri barədə ilkin təəssüratlarım yarandı”.

Abondançın sözlərinə görə, sələfi, Bakının “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin Bolqarıstan yığmasında yaratdığı neqativ hadisələrə heç fikir vermir: “Mən yığmada əvvəl nə baş verdiyini bilmirəm. Bu məni heç maraqlandırmır. Əsas odur ki, yeni baş məşqçi gəlib və o yeni yola başlayır. 6 il İtaliya yığmasını çalışdırmışam və o vaxt bundan da çətin idi. Əsas problem voleybolçuların mentalitetini dəyişməkdir. Biz buna nail olaraq, dünya çempionluğunu qazandıq. Bakıda da seçmə mərhələdə uğurla çıxış edərək, yeganə vəsiqəni qazanaraq, İstanbuldakı əsas mərhələdə iştirak edə bilərik”.

İtaliyalı baş məşqçi Azərbaycan yığmasını qatılacaqları turnirin favoritlərindən sayır: “Biz həmişə qələbə haqda düşünürük. Ancaq Bakıdakı digər komandaların üstün cəhətlərini də unutmamalıyıq. Azərbaycanla Çexiya komandaları yaxşı səviyyədə və formada olduqlarını göstərirlər. Biz Bakıya yollanaraq, Olimpiya təsnifat turnirinin qalib olmağa çalışacağıq. Əlbəttə, mən bütün voleybolçuları oraya apara bilməyəcəyəm. Yəqin ki, 13 oyunçu və 2 libero götürəcəyik. Rusiya çempionatında oynayan Lyubka Deberliyeva Azərbaycandakı yarışda çıxış edəcək. Ancaq kapitanımızın kim olacağını bilmirik”.
0