Yeva Yanayeva: Bakıda bizim də şansımız var
26.10.2011 - 13:48
Yeva Yanayeva: Bakıda bizim də şansımız var
“Şadam ki, yenidən heyətə dönmüşəm. Millidə olmaq çox xoşdur. Ümid edirəm ki, baş verən münaqişələrin hamısı keçmişdə qaldı. Gələcəyə nikbin baxır və özümə inanıram”. Apasport.az saytının məlumatına görə, bunu voleybol üzrə Bolqarıstan millisinin sabiq kapitanı Yeva Yanayeva deyib.

Bakının “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin bu ölkədə çalışarkən yığmadan qovduğu, lakin Azərbaycan çempionunun xələfi Marçelo Abondanç tərəfindən yenidən komandaya cəlb edilən 26 yaşlı voleybolçu qayıdışına münasibət bildirib.

O, noyabrın 8-12-də Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində uğurlu çıxışa inanır: “Biz göstərməliyik ki, Bolqarıstanı layiqincə təmsil edirik. Voleybol oynayıb, gələcəyə nikbin baxmaq üçün qayıtmışıq. Mən son vaxtlarda hər bir sınaqdan keçdim və ümid edirəm ki, artıq bir-birimizi bağışlamışıq”.

Moskva “Dinamo”sunun şərəfini qoruyan təcrübəli voleybolçu yeni italiyalı baş məşqçini də tərifləyib: “Abondanç çox yaxşı oğlan və məşqçidir. Onun zəngin karyerası var. Komandada əhval-ruhiyyə də yüksəlib. Fikrimcə, Bakıda bizim də şansımız var. Yığmada gənc voleybolçular yer aldıqlarından potensialımız əladır”.

Qeyd edək ki, Draqutin Baltiç Yaneva ilə yanaşı, “Lokomotiv”in üzvləri - Mariya Filipova və Diana Nenovanı da millidən kənarlaşdırmışdı. Lakin Abondanç onları yenidən komandaya qaytarıb.
0