Millimizin Avropa çempionatında rəqibləri müəyyənləşdi
31.10.2011 - 14:33
Millimizin Avropa çempionatında rəqibləri müəyyənləşdi
Avropa Voleybol Konfederasiyasının Lüksemburqda yerləşən mənzil-qərargahında növbəti Avropa çempionatlarının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycanın gənclərdən və böyüklərdən ibarət milli komandasının rəqibləri müəyyənləşib.

Belə ki, 2012-ci ildə baş tutacaq gənclər arasında Avropa çempionatında voleybolçularımız həlledici mərhələyə yüksəlmək üçün II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Qızlarımız aprelin 10-15-də (2012) Sloveniyanın ev sahibi olduğu seçmə mərhələnin B qrupunda çıxış edəcəklər. Komandamızın rəqibləri Ukrayna, Belçika, İspaniya, Xorvatiya, Sloveniya və birinci mərhələdə qarşılaşacaq Çernoqoriya, İsveç və Estoniya yığmalarının ən güclüsü olacaq.

Faiq Qarayevin çalışdırdığı əsas yığma da qitə birinciliyinə II mərhələdən başlayacaq. Voleybolçularımız Avro-2013-ün final mərhələsinə vəsiqə qazanmaq üçün C qrupunda Belarus, Finlandiya və Avstriya milliləri ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Yığmamızın qrup mərhələsinin ilk dövrəsi 2012-ci il sentyabr 6-9-da Finlandiyada, II dövrəsi isə həmin ayın 13-16-da Azərbaycanda keçiriləcək.

Qeyd edək ki, qrup mərhələsində ilk pillənin sahibləri birbaşa həlledici mərhələyə yüksələcəklər. İkinci yeri tutacaq yığmalara isə pley-offda qarşılaşacaqlar.
0