İsgəndər Cavadovun beş qoşası: Əvvəl top, sonra tort
01.11.2011 - 11:53
İsgəndər Cavadovun beş qoşası: Əvvəl top, sonra tort
Azərbaycan futbolunun ən tanınmış nümayəndələrindən olan İsgəndər Cavadov yubileyini qeyd edir. Apasport.az saytının məlumatına görə, veteran futbolçumuzun bu gün 55 yaşı tamam olur.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Cavadovun yubileyi münasibətilə yoldaşlıq görüşü keçiriləcək. Bu, “Neftçi” Veteran Futbol Klubunun təşəbbüsü ilə baş tutacaq. Qurumun prezidenti Oqtay Abdullayev apasport.az-a açıqlamasında bu gün saat 16:00-da “Şəfa” stadionunda futbol veteranları və Milli Məclisin komandası arasında yoldaşlıq oyununun keçiriləcəyi bildirib: “Komandaların hərəsində 15 futbolçu olacaq. Bizdən mənimlə yanaşı, Camaləddin Əliyev, Asim Xudiyev, Asif Əliyev, Musa Qurbanov, Elmir Xankişiyev, Hacıbala Abdullayev, Arif Əsədov, Şahin Diniyev, Maşallah Əhmədov oynayacaq. Deputatların komandasından Siyavuş Novruzov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Adil Əliyev, Ülvi Quliyevin adlarını çəkə bilərəm”.

Abdullayevin sözlərinə görə, səbəbkarın özü oyunda iştirak etsə də, böyük ehtimalla meydana çıxmayacaq: “Bu da İsgəndər müəllimin səhhəti ilə bağlıdır. Onun qan təzyiqində problem var və bu üzdən oynamaya bilər. Bildiyiniz kimi, Cavadovun 50 illik yubileyində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”nin veteranları ilə postsovet məkanından olan həmkarlarımız arasında yoldaşlıq görüşü keçirmişdik. Bu dəfə belə oyunun keçirilməyi, Rusiya, Ukrayna, Gürcüstandan veteran futbolçuların dəvət edilməsi nəzərdə tutulmuşdu. Ancaq sonda maddi məsələlər üzündən reallaşdıra bilmədik. Hər halda, İsgəndər müəllimin yubileyini meydanda qeyd edəcəyik”.

Abdullayev yubileyin bununla bitməyəcəyini bildirib: “Oyundan sonra – saat 18:30-da “Abu Arena”da ziyafət olacaq. Orada İsgəndər müəllim mükafatlandırılacaq, xatirə hədiyyələri veriləcək”.

Mehman SÜLEYMANOV
0