Debütant səs-küylü transferlərə başladı
05.11.2011 - 10:30
Debütant səs-küylü transferlərə başladı
Azərbaycan Super Liqasında debüt edəcək “Azəryolservis” ilk səs-küylü transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, 2 ay “Rabitə”nin formasını geyinib, klublararası dünya çempionu adını qazanan Türkiyə millisinin sabiq voleybolçusu Pelin Çelik karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

1982-ci il doğumlu, 172 sm boya malik olan voleybolçu “Azəryolservis”lə 1 illik müqavilə imzalayıb. O, karyerası ərzində “Vakıfbank”, “Fənərbaxça”, “Beşiktaş”, “Karşıyaka” kimi komandaların şərəfini qorumaqla yanaşı, 275 dəfə Türkiyə millisinin heyətində meydana çıxıb.

2009-cu ildə “ay-ulduzlularla” Avropa Liqasının ən yaxşı oyun qurucusu seçilən Pelin yığmalarının heyətində analoji yarışın və Avropa çempionatının (2003) gümüş medalına yiyələnib.

O, həmçinin “Vakıfbank”la Türkiyə çempionluğu yaşayıb və 2 dəfə Çempionlar Liqasının finalında oynayıb.

Qeyd edək ki, Pelin “Rabitə” ilə vidalaşdıqdan sonra apasport.az-a müsahibəsində Azərbaycan klublarından təklif aldığını və Türkiyə ilə ölkəmizdə müqavilə şərtlərin eyni olacağı halda, Bakı komandalarına üstünlük verəcəyini bildirmişdi: “Çünki burada şərait daha yaxşıdır və ona görə ilk seçimim Azərbaycanla bağlı olacaq”.
0