Azərbaycan çempionları üçün arzuolunmaz məkan
06.11.2011 - 10:36
Azərbaycan çempionları üçün arzuolunmaz məkan
Qadın həndbolçular arasında “Çelenc Cup” turnirində III təsnifat mərhələsinin cavab matçları baş tutub. Apasport.az saytının məlumatına görə, bu yarışda ölkəmizi təmsil edən Azərbaycan çempionu ABU debütdəcə mübarizəni dayandırıb.

Xorvatiyanın “Zelina” klubunun qonağı olan Rəfiqə Şabanovanın yetirmələri birinci oyunda biabırçı məğlubiyyətlə barışdıqdan (18:35) sonra 2-ci oyunda yalnız təsəlli qələbəsinə ümid edə bilərdi. Lakin balkanlılar cavab matçında da səviyyəsini göstərib. Bu dəfə nisbətən rəhmli olan rəqibimiz ilk hissədə 12:11, matçda isə 27:23 hesabı ilə qalib gəlib.

Bununla da hər 2 görüşü Xorvatiyada keçirən Azərbaycan çempionu ümumi hesabda 41:62 hesabı ilə yenilərək mübarizəni dayandırıb.

Qeyd edək ki, futbol üzrə Azərbaycan çempionu “Neftçi” də avrokuboklarda Xorvatiya təmsilçisi “Dinamo” qarşısında aciz qalmışdı – 0:3, 0:0. Onlar da məhz Xorvatiyada – çempionlarımız üçün arzuolunmaz məkanda darmadağın olmuşdu.
0