Oksana Parxomenko: Oyunlara hazırıq!
09.11.2011 - 13:33
Oksana Parxomenko: Oyunlara hazırıq!
“Əla təlim-məşq toplanışı keçmişik. Hazırlıq çərçivəsində “Uraloçka” kimi güclü klubla yoxlama oyunlarında gücümüzü sınamışıq və bunun məntiqi nəticəsi olaraq, Bakıda keçiriləcək oyunlara tam hazırıq”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının voleybolçusu Oksana Parxomenko deyib.

Yığmamızın kapitanı Bakıda start götürən Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, komandamızda hər şey qaydasındadır: “Hələ Türkiyədə olarkən, baş məşqçi Faiq Qarayev milliyə yeni çağırılan voleybolçuları ilk “altılıqda” oynadaraq, vəziyyətləri ilə bir daha tanış oldu. Şükür allaha ki, mənim də zədəm artıq sağalıb. Düzdür, bəzən ağrılar olur, amma müəyyən müddətdən sonra bu da keçəcək. Rəqiblərimizə gəldikdə, onların oyunlarını izləmişik. Fikrimcə, görüşlər çətin olacaq və bu bizi çəkindirmir. Hər oyuna yalnız qələbə üçün çıxacağıq”.

Parxomenko 6 komandanın (Azərbaycan, Macarıstan, Ukrayna, Çexiya, Bolqarıstan və Danimarka) iştirakı ilə keçirilən yarışda əsas rəqiblərin də adlarını açıqlayıb: “Bakıya gələn komandalar arasında ən güclüləri Bolqarıstan və Çexiyadır. Sonuncuların oyunlarını Avropa çempionatının final mərhələsində də izləmişik. Onlar əla kollektivə malikdirlər və qitədə ilk “səkkizliyə” girməyi belə bacardılar”.

Qeyd edək ki, Azərbaycan voleybolçuları bu gün Bolqarıstan, sabah Danimarka milliləri ilə oynayacaq.
0