Cəlil Cəfərov: Əsas məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdır
16.11.2011 - 10:34
Cəlil Cəfərov: Əsas məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdır
“Bu mövsüm Çempionlar Liqasının “Dördlər finalı” Bakıda olacaq. Bunun üçün əsas məqsədimiz öncə bu mərhələyə yüksəlmək, ardından qalib adını qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət “Rabitə” klubunun prezidenti Cəlil Cəfərov deyib.

O, son dünya çempionu olan komandanın yeni mövsümdə əsas hədəflərini açıqlayıb. Cəfərov bildirib ki, ötən il klubda zəif olan mövqelərin hamısı gücləndirilib və Çempionlar Liqasında yalnız qızıl medallar uğrunda mübarizə aparacaqlar: “İnanırıq ki, nəticə istədiyimiz kimi olacaq. Artıq zəif nöqtələrimiz yoxdur. Əla komanda formalaşıb. Dünya çempionu olan heyətimiz məşqləri daha da sürətləndirib və Çempionlar Liqasında azarkeşlərimizi sevindirməyə davam edəcəyik. Bu yarışda ötən il qazandığımız gümüş medalın əyarını bu dəfə qızılla əvəzləməyi planlaşdırırıq. Hər şeyi isə zaman göstərəcək”.

Qeyd edək ki, “Rabitə” B qrupunda “Fənərbaxça” (Türkiyə), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə mübarizə aparacaq.
0