Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Təhsil Respublika İdman Mərkəzində yeniyetmə basketbolçulardan ibarət komandanın baş məşqçisi, eyni zamanda NTD klubunun məşqçisi Tahir Baxşıyev
“Boş yerə baş məşqçi kimi qalmağın mənası yox idi”
- Azərbaycan Basketbol Federasiyasında prezident seçkiləri keçirildi. Təhsil naziri Emin Əmrullayevin bu posta seçilməsini necə qarşıladınız?
- Normal qarşıladım. Hər yerdə dəyişikliklər edilir, basketbolda da oldu. Hər şey yaxşıdır.
- Əvvəlki rəhbər Nadir Nəsibovun 22 illik fəaliyyətini necə dəyərləndirərdiniz?
- Onun rəhbərliyi altında çox yaxşı nailiyyətlərimiz olub. 2005-ci ildə İslam Həmrəyliyi Oyunlarında qalib gəlmişik, 2006 və 2008-ci illərdə Avropa çempionatının C divizionunun çempionu olmuşuq. Həmçinin mənim məşqçilik dönəmimdə - 2016-cı ildə U-18 yığmamız Avropa çempionatının C divizionunda çempionluq qazandı. Rimas Kurtinaytis gəlişi ilə basketbolumuza təkan vermişdi. Bunların hamısı Nadir müəllimin vaxtında olub.
- Siz özünüz aşağı yaş qrupları üzrə müxtəlif yığmalarda çalışmısınız. Hətta U-20-də baş məşqçi olarkən “federasiyada işlər qaydasında getmir”, - deyərək istefa vermisiniz. Həqiqətən də, problem ciddi idi?
- Problem onda idi ki, yarış yox idi. Yarış olmadıqdan sonra məşqçi kimi qalmaq nəyə lazım idi? Məsələn, mən U-20-in sükanı arxasında olanda Avropa çempionatına qatılmamışdıq. Boş yerə orada baş məşqçi kimi qalmağın bir mənası da yox idi. Həmin hadisədən cəmi altı ay sonra U-16-ya baş məşqçi təyin olundum. Bu komanda koronavirus pandemiyasına görə Avropa çempionatında iştirak edə bilmədi. Ancaq gələn il U-18 yığmamız qitə turnirinə qatılacaq. Eyni heyət olacaq və San-Marinodakı Avropa çempionatının C divizionunda iştirak edəcək.
“Uşaqlar axıra qədər getmirlər”
- Yeni prezident Emin Əmrullayev ilk brifinqində hər şeyə təməldən başlamağın, uşaq basketboluna önəm verməyin vacibliyini vurğuladı. Aşağı yaş qruplarında işlədiyinizi nəzərə alsaq, bunu basketbolun kütləviləşməsi yolunda çıxış yolu kimi dəyərləndirmək olar?
- Əlbəttə ki, olar. Mətbuatı izləyirəm. Çox adam deyir ki, Azərbaycanda basketbol yoxdur. Mən bu fikirlə razı deyiləm. Kütləviliyi geniş olan ikinci-üçüncü idman növüdür. Hansı məktəbə getsəniz, orada basketbol səbətini görərsiniz. Sadəcə, uşaqlar axıra qədər getmirlər. Həm də şərait istənilən səviyyədə deyil. İstənilən uşaq 15 yaşında artıq seçim qarşısında qalır – ya idmanın, ya da təhsilin ardınca getməli olur. Basketbolda gələcəyi görmədikləri zaman da oxumağa üstünlük verirlər. Yaxşı çempionat təşkil olunsa və kütləviliyi genişləndirsək, gələcəkdə yaxşı nəticələr olacaq. İndi də vəziyyət pis deyil, amma daha yaxşısını etmək mümkündür.
- Yeni federasiya prezidenti məktəblərdə və universitetlərdə basketbol komandalarının yaradılmasını, çempionatlar keçirilməsini təklif etdi. Bu, basketbolun təbliğatına nə kimi töhfələr verəcək?
- Bu, super ideyadır. Məktəblərdə və universitetlərdə basketbola çox yer verilsə, uşaqların da marağı artacaq, bu idman növü ilə məşğul olmaq istəyəcəklər. Basketbol komanda idman növüdür, burada ağıllı, kombinasiyalı gedişlər lazımdır. Xüsusən də, orta məktəblilər üçün çox yaxşı idman növüdür. Uşaqlar sağlam və hündürboylu olurlar. Əlbəttə, hamısı peşəkar olmayacaq. Amma kütləvilik və sağlamlıq baxımından əla seçimdir.
“Basketbolumuzu Gürcüstan səviyyəsinə çatdırmaq problem olmaz”
- Ümumiyyətlə, etiraf edək ki, Azərbaycanda yeniyetmələrin basketbolçu olmağa çox da həvəsi yoxdur. Onlarda bu idman növünə maraq yaratmaq üçün nələr etmək lazımdır?
- Televiziyalarda, şəhərlərdə, məktəblərdə təbliğ olunmalıdır. Belədə insanlar görəcəklər ki, Azərbaycanda basketbol var. 2012-ci ildə Avropa çempionatına vəsiqə qazanmaq üçün cəmi bir qələbəmiz çatmadı. İsveçə səfərdə 11 xallıq fərqlə uduzduq, Bakıda isə 7 xal fərqi ilə qalib gəldik. Bizi Avropa çempionatından 4 top ayırdı. Bolqarıstan, Rumıniya, Belarus kimi komandalara qalib gəlmişdik. Yəni şərait olsa, hər şey eləmək olar. Əlbəttə ki, çətin olacaq. Azərbaycanda hündür uşaqlar da var. Məsələn, tələbəm Hüseyn Qaflanov “Real”dan təklif gəldi, onu baxışa çağırdılar. Dünyanın ən güclü basketbol məktəbi “Real”dadır. Hüseynin cəmi 13 yaşı var və boyu da 2,03 metrdir. İndinin özündə də ona Avropadan təkliflər var. Azərbaycanda belə uşaqlar az deyil. Sadəcə, gec tapırıq. Məktəblərdə təbliğat aparılsa, bizim də işimiz rahat olacaq, uşaqları 11-12 yaşda yox, 8 yaşda tapacağıq. Cəmi 3-4 milyonluq əhalisi olan Gürcüstanın MBA-da basketbolçusu var. 10 milyonluq Azərbaycanda biz niyə yetişdirməyək? Vaxtilə Gürcüstanda da oynamışam. Məncə, basketbolumuzu ən azı Gürcüstan səviyyəsinə çatdırmaq böyük problem olmaz.
- Razılaşaq ki, ölkəmizdə bəstəboylar çoxluq təşkil edir. Fikirləşmirsiniz ki, bu amilin də gənc nəslin basketbola münasibətinə təsiri var?
- Bu idman növünə maraq artdıqca uşaqların boy artımına da kömək olacaq. Norveç və İsveç istisna olmaqla, digər ölkələrdəki insanlarla bizimkilər arasında elə ciddi fərq yoxdur. Məsələn, mən İspaniyada oldum, orada da bəstəboylar kifayət qədərdir. Sadəcə, axtarıb tapmaq lazımdır. Demirəm ki, hamı 2 metrdən hündür olmalıdır. Elə uzağa getməyək, özümüzdə Aleksandr Rındin var idi, boyu da 2 metr 26 santimetr idi. Əslində onu çox gec tapdıq. Basketbola gələndə 15-16 yaşı var idi. Sumqayıtda yaşayırdı, sadəcə, kəşf etmək lazım idi. 10-11 yaşında onu tapsaydıq, yüz faiz MBA-da oynayardı. Bizdə ucaboy uşaqların çoxunun bədənləri bir az zəif olur. Ancaq uşaqlıqdan varlığından xəbərimiz olsaydı və normal məşq keçsəydik, onlar da möhkəm olardı. Çünki ucaboy insan məşq etmədikdə çox problemlər yaşayır.
“Kurtinaytis məktəbini bilirik”
- Ölkəmizdə çalışmış müxtəlif idman növləri üzrə əcnəbi mütəxəssislər Azərbaycanın güləş, şahmat ölkəsi olduğunu vurğulayıb. Bir çox idman növü kimi, basketbol da bizim xalqa yad idman növü sayılır. Bu fikirlə razısınız?
- Çoxluq belə düşünürsə, deməli, təbliğat yaxşı deyil. Yadınızdadırsa, “Qala”nın vaxtında oyunları televizorda göstərirdilər. Kompleksə girəndə oturmağa yer tapa bilmirdin. Uşaqların çoxu pilləkəndə otururdu. Böyük azarkeş marağı var idi. Bunu davam etdirsəydik, indi çox böyük uğurlarımız olardı.
- Azərbaycan basketbolunun yaxşı və pis günlərində meydanda olmusunuz. Sizcə, 2000-ci illərdə Rimas Kurtinaytisin gəlişindən sonra intibah dövrü yaşayan bu idman növünün yenidən “zirzəmi”yə yuvarlanmasında nə rol oynadı?
- Məncə, əsas rolu maddiyat oynadı. Bu idman növündə maliyyə mütləq lazımdır. Düzdür, bəzən böyük klublarda da maddi problemlər yaşanır. Ancaq vəziyyətin ölkəmizdə olması, bizi çox geri atdı. Kurtinaytisin gəlişi isə basketbolumuza böyük təkan verdi. Mən, Anar Sarıyev, Mehran Həmidzadə, Fuad Niftəliyev kimi vaxtilə basketbol oynamış mütəxəssislər Kurtinaytis məktəbini bilirik. Bizim üçün basketbolu dirçəltmək indi daha asan olar. Bunun üçün də normal maliyyə dəstəyi olmalı, şərait yaradılmalıdır. İşləmək istəyən cavan müəllimlər var. Bir kollektiv - ailə kimi birləşib çalışsaq, böyük nailiyyətlərə imza atarıq.
“İnkişaf üçün əcnəbilər olmalıdır”
- Həmin dövrlərdə Azərbaycan çempionatına maraq böyük idi. Hətta klublarımız avrokuboklarda da ürəkaçan nəticələr qazanırdılar. Millimiz də yaxşı təsir bağışlayırdı. Ani çöküşdə legionerlərin ölkəmizdən getməsi nə dərəcədə rol oynadı?
- Əlbəttə ki, inkişaf üçün əcnəbi basketbolçular da olmalıdır. Çempionatda klublara gətirilməlidir. Uşaqlar da həmin legionerlərə baxıb, onlardan nələrsə öyrənib inkişaf etməlidirlər. Normal legionerlər gətirmək mümkün olsa, azərbaycanlılar da bundan faydalanar. Bu, eyni zamanda yaxşı nəticələrə də kömək olur. Millinin isə 99 faizini həmişə yerlilər təşkil edib. Çünki basketbolda milliyə yalnız bir nəfər legionerin cəlb olunmasına icazə var.
- Sizin basketbolçu olduğunuz dövrdə də yığmada menecer işləmiş Ləvənt Türknas Azərbaycandan gedəndən sonra həyəcan təbili çalınmağa başlamışdı. Həqiqətənmi basketbolumuzun zəifləməsində onun gedişinin təsiri oldu?
- Deməzdim ki, onun gedişi əsas rolu oynadı. Əlbəttə, burada az iş görmədi. Türknasın dövründə yaxşı təlim-məşq toplanışları keçirilirdi. Elə indi də “Petkim” klubunda menecer kimi fəaliyyət göstərir. Həmin komandanın Super Liqaya yüksəlməsində onun da rolu oldu. Düzdür, bir insan təkbaşına heç nə edə bilməz. Ancaq Türknas da burada yaxşı işləyirdi. Amma bu o demək deyil ki, menecer sənin yığmanı dünya çempionu edəcək. Bunun üçün yaxşı basketbolçular, güclü məşqçilər olmalıdır.
- Basketbolda əsas mütəxəssislərdən sayılan Elxan Əliyevi də sonradan kölgəyə atdılar. Sizin kimi mütəxəssislərin bu idman növünün dirçəldəcəyinə ümidiniz nə qədərdir?
- Mən pozitiv insanam. Daim hər şeyin yaxşı olacağını düşünürəm. Amma bunun üçün işləmək lazımdır. Bir daha təkrar edirəm, “Azərbaycanda basktbol yoxdur” deyənlər düzgün fikirləşmir. Hansı komanda idman növündə 12-13 yaşlı azərbaycanlını “Real” səviyyəsində klub baxışa çağırır? Düzdür, basketbol müəyyən çətinliklərdən keçir. Bir ailə kimi çalışmalı, vəziyyətdən birlikdə çıxmalıyıq. Heç kim kənarda durmamalıdır. Hər kəs əlindən gələni etsə, nəticə də qazanılacaq.
Ruslan Sadıqov
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur