Millimiz ilk matçını evdə keçirəcək
06.03.2025 - 12:58
Millimiz ilk matçını evdə keçirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasındakı çıxışına evdə Macarıstana qarşı oyunla başlayacaq.

Apasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) turnirin təqvimini açıqlayıb.

Yarışın formatı ötən il olduğu kimi qalıb. Avroliqanın mərhələləri yenə bir neçə həftəsonuna bölünüb və ilk mini-turnir mayın 30-dan iyunun 1-dək Bakıda keçiriləcək. Yığmamız mayın 30-da Macarıstanla, iyunun 1-də isə Sloveniya ilə qarşılaşacaq.

Sonra Faiq Qarayevin yetirmələri Slovakiyanın paytaxtı Bratislavaya yollanacaqlar. İyunun 6-da onlar yerli komanda, ertəsi gün isə Monteneqro millisi ilə qarşılaşacaqlar.

Daha sonra Azərbaycan komandası Xorvatiyanın Zadar şəhərində çıxış edəcək. İyunun 13-də voleybolçularımızı xorvatlarla, ertəsi gün isə Rumıniya ilə görüş gözləyəcək ki, bu da qrup mərhələsində sonuncu olacaq.