“Atletik”in müdafiəçisi: "Qarabağ"ın 6 xalının olması sürpriz deyil”
21.10.2025 - 18:13
“Atletik”in müdafiəçisi: "Qarabağ"ın 6 xalının olması sürpriz deyil”

“Atletik”in futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, 25 yaşlı ispaniyalı müdafiəçi qarşıdakı görüş barədə fikirlərini bölüşüb:

“Stress yoxdur. Bu, həyati əhəmiyyətli oyundur, çünki hazırda hesabımızda sıfır xal var. Altı oyun qalır, onların üçü evdədir və burada güclü olmalıyıq. Qələbəyə ehtiyacımız var – bunun üçün oynayacağıq. Daha çox aqressiya və qətiyyət göstərməli, səhv etməkdən qorxmamalıyıq. Bizim oyun üslubumuz və kimliyimiz aydındır. Öz fəlsəfəmizə və oyun ideyamıza sadiq qalsaq, hər şey yaxşı alınacaq.

“Qarabağ”ın 6 xalının olması sürpriz deyil. Biz də belə vəziyyətdə olmaq istərdik. Onlar Bilbaoya gəzintiyə gəlməyiblər və oyun maraqlı keçəcək. “Qarabağ” çətin vəziyyətlərdə mübarizə aparmağı bacarır, sona qədər döyüşür. Rəqib kifayət qədər keyfiyyətlidir və onlara hörmətlə yanaşırıq, çünki nəyə qadir olduqlarını artıq göstəriblər.

“Qarabağ” daha çox hücumyönümlü komandadır. Əgər oyun bizim xeyrimizə getsə, bəlkə də digər rəqiblərə nisbətən onlara qarşı daha çox fürsət yarada bilərik. “Qarabağ” Çempionlar Liqasında iki qələbə qazanıb, biz isə hələ qalib gəlməmişik. Özümüzü favorit saymırıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Onlara iki və ya üç qol vurmaqdan danışmırıq. Məqsədimiz sadəcə qələbə qazanmaqdır".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.