Rusiyanın Krasnoyarsk şəhərində keçirilən 14-cü “Rusiya - idman dövlətidir” Beynəlxalq İdman Forumunda Azərbaycan da təmsil olunur.
Apasport.az xəbər verir ki, ölkəmizi tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev və Atletlər Komissiyasının üzvü, üzgüçülük üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının iştirakçısı Fatimə Alkərəmova təmsil edirlər.
Forum çərçivəsində Milli Olimpiya Komitələrinin Atletlər Komissiyalarının nümayəndələri üçün “MOK Atletlər Komissiyası: İştirakdan idarəetməyə doğru” mövzusunda xüsusi sessiya təşkil olunub.
Tədbirin proqramına idman sənayesində yeni texnologiyaların sərgisi, ustad dərsləri və müxtəlif idman-kütləvi tədbirlər də daxildir.
Qeyd edək ki, oktyabrın 21-də başlayan beynəlxalq forum ayın 23-dək davam edəcək.