Ceyhun Nuriyev: “Kim haqq edirsə, o da oynasın”
11.05.2025 - 19:38
Ceyhun Nuriyev: “Kim haqq edirsə, o da oynasın”

"Zirə"nin futbolçusu Ceyhun Nuriyev Apasport.az saytına müsahibə verib.

- "Zirə" son turda "Səbail" üzərində qələbə qazandı. Matçla bağlı düşüncələrin necədir?
- Matça stressiz və nisbətən daha rahat çıxmışdıq. Ancaq hər oyun olduğu kimi, qələbə üçün oynayırdıq. Çünki meydana çıxırıqsa, ancaq qələbəni düşünürük. "Səbail"in Premyer Liqada liqada qalmaq üçün son şansı idi. Ona görə yüksək təzyiqlə oynadılar. Biz də sonda qalibiyyət əldə etdik.

- Maraqlıdır ki, "Zirə"yə bu görüşdə qələbə nə qədər də önəmli olmasa da, komanda çox da istəkli olmasa da, yenə də qələbə qazanmağı bacardı. Bu artıq "Zirə"nin böyük komanda formasına gəlməsini göstərir?
- Hər nə qədər ən yaxşı oyunumuzu göstərməsək də, hədəfimiz qələbə idi. O mentalitetdə olduğumuz üçün qələbə qazana bildik. Bizim düşüncəmiz hər oyunda yalnız qələbə olur.

- "Zirə" özü üçün 2-ci yeri təmin edib. Qarşıda iki oyun qalıb. "Sabah" və "Araz-Naxçıvan"a qarşı oynayacaqsız. Bu iki görüşdən qələbə qazanmaq mümkündür səncə?
⁠- Hər iki oyuna qələbə üçün çıxacağıq. Beyin olaraq daha rahat olsaq da, meydanda sərgiləcəyimiz oyun eyni olacaq. Bu mənada fikrimiz dəyişmir, qələbə istəyirik.

- "Sabah"a qarşı oyunlarınız bu sezon da maraqlı alınır. Onları daha çox düşündürən yəqin ki, kubokun final görüşüdür. "Sabah"a qarşı görüş barədə nə fikirləşirsən?
- Riyazi olaraq hələ də 4-cü yeri tutmaq imkanları var. İstəkli və qələbə üçün oynayacaqlarını düşünürəm. Biz isə öz məqsədimizdən əl çəkməyəcəyik.

- Yeni sezon Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Yerli futbolçuların bəziləri buna görə narahatdır. Sənin bu haqda fikrin necədir? 
- Düzü, mən narahat deyiləm. Kim güclüdür və kim haqq edirsə, o da oynasın. 

- "Zirə" bu mövsüm avrokuboklarda pis çıxış etmədi, Konfrans Liqasının əsas mərhələsinə düşməyə bir addım qalmış dayandı. Səncə, yeni sezon əsas mərhələyə qədər gedib çıxmaq mümkün olacaq?
- Son mövsüm bizə təcrübə qazandırdı. Daha da irəliyə getmək istəyirik və buna gücümüz çatır. Allah qoysa, hər şey istədiyimiz kimi alınar. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Ölkə xaricinə yollanmaq ehtimalın var? Təklif var? Olarsa, hansı addımı atacaqsan?
- Təklif olarsa, düşünəcəm. Xaricdə oynamağa isti yanaşıram. Hələ ki "Zirə" ilə müqaviləm var və fikrim buradadır. 

- Səninlə bağlı maraqlı statistika odur ki, ardıcıl üç mövsümdür ki, gümüş medal qazanırsa kollektivlə birlikdə. Səncə, nəhayət yenisezon həmin gümüş medalın davamı qızıl medal olacaq?
- Şəxsi uğur olaraq pis uğur deyil. Bizim liqada ikinci yeri tutmaq çox çətindir. Artıq onun qızıl olmağı üçün komanda şəklində çalışacağıq. Allah qoysa, nə vaxtsa olacaq. Biz hər meydana çıxanda ən yaxşısı üçün əlimizdən gələni edirik.