Azərbaycan ağırlıqqaldıran İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi olub.
Apasport.az xəbər verir ki, təmsilçimiz birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırma hərəkətində 181 kq ağırlığı başı üzərinə qaldırıb.
Rüstəmov toplam çəkidə 329 kq (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.
O, uğurlu çıxışı ilə bağlı AAF-ın rəsmi saytına bildirib ki, məqsədi ili qızıl medalla başa vurmaq olub: “Dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün ümumiyyətlə vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olan sərnişinlərin əziz xatirəsinə həsr edirəm”.
Qeyd edək ki, “Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə AAF adından xatirə hədiyyəsini təqdim edib.