“Şerif”in futbolçusu, ötən mövsümü “Qəbələ”də keçirmiş Ayyub Allaş apasport.az saytına müsahibə verib.
- “Şerif” hazırda Moldova çempionatında birinci pillədədir. Komanda ötən mövsüm çempion ola bilmədi. Bu mövsüm işlər deyəsən daha yaxşı gedir...
- Bəli, biz hazırda birinci pillədəyik. Amma bu hələ ki, son demək deyil. Çünki qarşıda sezonun davamı var. Bu mövsüm çempion olmaq istəyirik. Üstəlik, Çempionlar Liqasına getmək niyyətindəyik. Ona görə də, indi yolumuza uğurla davam etməyi düşünürük.
- Azərbaycan futbolunu və əsasən də sabiq komandan olan “Qəbələ”ni izləyirsən?
- Bəli, izləyirəm. Azərbaycan futboluna baxıram. “Qəbələ”ni də izləyirəm. Komandanın çıxışı ilə maraqlanıram, nəticələri ilə tanışam.
- Səncə, “Qəbələ” nəyə görə hazırda I Liqadadır? Böyük ehtimalla Premyer Liqaya qayıdacaqlar. Çünki komanda indi aşağı liqada liderdir...
- Düzünü desəm, bilmirəm. Çoxlu problemlər var idi. Amma komandaya Kaxaber Tsxadadze dəvət edildi və hardasa o, vəziyyəti bir az dəyişməyə çalışdı. Lakin artıq gec idi. Sonda da komanda aşağı liqaya düşdü.
- Yayda Azərbaycan klublarından təklif aldığınız iddia olunurdu. Xüsusən də, “Zirə” ilə adınız hallanmışdı. Azərbaycana geri qayıtmaq ehtimalınız var idi?
- Bəli, təklifim var idi. Amma bu, rəsmi deyildi, həm də maliyyə məsələsi də deyildi. Hazırda “Şerif”də oynayıram və indi də bütün fikrim bu komandaya məxsusdur. Çünki qarşımızda çempionluq hədəfi var, onu əldə etməyə çalışırıq.
- “Qəbələ” Premyer Liqaya qayıdarsa, sən də komandaya qayıtmağı düşünərsən?
- Baxarıq. Yaxşı şeylər olarsa, qayıtmaq olar. Yox, olmasa, qayıtmaram. Bunlar gələcəyin işidir. İndi isə dediyim kimi, tam olaraq “Şerif”ə fokuslanmışam və bu komanda ilə bu mövsümkü məqsədləri düşünürük.
- Yayda Avropa Liqasının təsnifat mərhələsinin “Zirə” - “Şerif” duelini necə xatırlayırsan? Bakıdakı cavab görüşündə həlledici rol oynamışdın...
- Əlbəttə ki, xatırlayıram. Bizim üçün ən yaxşı oyunlardan oldu. Çünki yaxşı performans göstərdik. “Zirə”ni yaxşı tanıyıram. Bilirəm ki, onların indi yaxşı komandası var. Həmin oyunda da öz çıxışımdan razı qaldım. Oradakı stadionda Azərbaycan komandasına qarşı özümü yenidən göstərmək istəmişdim.