“Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var"
05.12.2024 - 10:42
“Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var"

“Araz-Naxçıvan”ın futbolçusu Benni Kardozo apasport.az saytına müsahibə verib.

- “Mingəçevir”ə 3:1 hesabı ilə qalib gəldiniz. Bu görüş sizin üçün ağır, yoxsa asan matç oldu?
- Hər bir matç çətin keçir. İndiki dövrdə asan oyun yoxdur. Bilirdik ki, rəqibimiz aşağı liqa təmsilçisidir. Buna baxmayaraq, biz oyuna çox yaxşı hazırlaşıb, yaxşı da fokuslanmışdıq. Qalib gəlməyi çox istəyirdik ki, növbəti tura yüksələk.

- Bura gələndən yalnız Premyer Liqa matçlarında meydana çıxmışdın. İlk dəfə aşağı liqa klubuna qarşı oynadın. Fərqi çox hiss etdin? Hansı fərqləri gördün?
- Portuqaliyada aşağı liqa komandaları da daha intensiv futbol oynayır. Bizim birinci liqa komandasına qarşı oyunumuz yaxşı alındı. Amma intensivlik çox da yox idi. Bütün oyunu “Mingəçevir”ə qarşı topla oynadıq, qələbə üçün çalışdıq. Premyer Liqa və aşağı liqa klubu arasında intensivlik fərqi var. 

- “Araz-Naxçıvan”ın kuboku qazanmaq üçün gücü var? Məqsədlər hansıdır?
- Biz meydana çıxdığımız hər matçda qalib gəlmək istəyirik. Bunun üçün də ən yaxşısına çalışırıq. Mövsümün sonuna çox oyunlar var. Qarşıdakı mərhələni də keçərsək, kuboka yaxınlaşarıq. Amma biz çempionat və kubok arasında fərq qoymuruq. Hər görüşdə qələbə haqda düşünürük.

- Premyer Liqaya qayıtsaq, çoxları “Araz-Naxçıvan”ın turnir cədvəlində ikinci pillədə qərarlaşacağını gözləmirdi. Sənin özün üçün gözlənilməz olmadı?
- Komandaya gəlməmişdən əvvəl layihəni görmüşdüm. Kollektivimiz çox yaxşıdır. İrəliləməyimiz isə daha çox işləməyimizdən asılıdır. Biz məşqlərdə yaxşı işləyirik, məşqçilər korpusumuz göstərişlərini verir. Mövsümün sonuna hələ var, asan deyil. Bəzən yaxşı oynamaya bilərsən, amma oyunu üç xalla başa vurursansa, həmin periodu da yaxşı başa vurursan deməkdir. Çətin periodda da qalib gəlmək xoşdur. Biz işimizə davam edirik.

- Bu il sizin üçün son oyun “Qarabağ”a qarşıdır. İlk turda uduzduğunuz rəqibi udacaq gücdəsiz? Realdır?
- Əlbəttə. “Qarabağ”ın gücünü bilirik. Hamımız yaxşı anlayırıq ki, “Qarabağ” Azərbaycanın ən böyük klublarındandır. Ölkə də bu klubun nəyə qadir olduğunu bilir. Lakin futbolda mümkünsüz heç nə yoxdur. Biz işimizi ən yaxşı şəkildə yerinə yetirmək istəyirik. “Qarabağ”a qalib gəlsək, əla olar. Qalib gəlməsək də, pis deyil. Layiqli mübarizə aparacağıq. Növbəti matça hazırlaşacağıq. Çünki bu oyunla mövsüm bitmir ki, qarşıda çox oyun olacaq. Amma istənilən halda biz mübarizəmizə davam edəcəyik.

- “Qarabağ”dan söz düşmüşkən, Juninyo və Kevin Medina ilə Portuqaliyadan yaxşı münasibətinin yarandığını bilirəm. Bakıda onlarla görüşürsən?
- Bəli, bəli onlarla danışırıq, görüşürük Bakıda. Oyunlardan öncə söhbətləşirik. Biz birlikdə Portuqaliyada oynamışıq. Oradan münasibətimiz var. Bakıda da imkan olduqca görüşürük. Juninyo və Medina yaxşı insanlardır. Bura gəlməmişdən də danışmışdıq. İndi də münasibətdəyik.

- Əksər vaxtlarda meydana sonradan meydana daxil olursan. İlk dəqiqələrdən oynamamağın fiziki problemlə bağlıdır?
- Xeyr, heç bir problemim yoxdur. Fiziki olaraq da meydana çıxmağa 100 faiz hazıram. Mən daim işimə yaxşı, məsuliyyətli yanaşıram. Hər gün işləyirəm. Fiziki durumumun da ən yaxşı formada olmasına can atıram. Ən yaxşı formada komandaya kömək olmaq istəyirəm. Baş məşqçinin qərarıdır. Nə zaman şans verilirsə, onda meydana çıxaraq komandama kömək olmağa çalışıram.

writer photo
Əlirza Əlirzalı
0