“Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən deyib.
“Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür - əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.
Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.
Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsil - uşaqlar, yeniyetmələr bu idman növünü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar.
Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz”, - dövlət başçısı vurğulayıb.
- Bir vaxtların ulduz namizədi Elşən Abdullayev: "Zədələr imkan vermədi..." - Müsahibə
- “Neftçi” uduzmayacaq, “Dinamo”ların duelində ÜST
- Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
- Favorit uduzdu və ilk pilləyə yüksəlmək şansını qaçırdı
- "Real" "Bavariya"nın futbolçusu ilə anlaşdı