Kristian Avram: "Biz kiməsə nəyisə sübut etmək məcburiyyətində deyilik"
01.12.2024 - 15:55
Kristian Avram: "Biz kiməsə nəyisə sübut etmək məcburiyyətində deyilik"

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram apasport.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan" "Turan Tovuz"la matçda 1:0 hesabı ilə qalib gəlməyi bacardı. Demək olar ki, mövsümdəki ən çətin oyununuzu keçirdiniz?
- "Turan Tovuz"a qarşı matçımız çox çətin alındı. Ağır görüş idi. Əslində, bu cür olacağını da çox yaxşı dərk edirdik. Ona görə də, həftəboyu bu ağır oyuna yaxşı hazırlaşmışdıq. "Turan Tovuz" özü də çox yaxşı komandadır. Onların oyun şəkli çox aşkar görünür, yaxşı futbol oynayırlar. Düzünü deyim, bu cür yaxşı rəqibi məğlub etməyimiz bizi də çox sevindirir, həm də buna görə şadıq. Lakin mövsüm hələ bitməyib, çox oyun qarşıdadır. 

- "Araz-Naxçıvan" bu mövsüm uğurlu çıxış edir. Çoxları üçün də maraqlıdır ki, komanda necə qalib gəlir?
- Məşqçilərimiz bizim inkişaf etməyimizə çox kömək olur. Çox yaxşı kollektivimiz var. Məşqçilər korpusumuz da daim yanımızdadır, bizə çox köməklik edirlər. Onların təcrübəsi də bizim üçün çox önəmlidir. Biz onların güvənini boşa çıxarmamaq, göstərdikləri etimadın qarşılığını uğurlu çıxışla vermək istəyirik. Şadam ki, hər şey yaxşı alınır. Amma biz işləməyə davam edirik. 

- "Turan Tovuz" üçüncü pillədə idi. Bu qələbə sayəsində onlardan 7 xal aralandınız. Bu sizin üçün yaxşı haldır, yoxsa arxayınçılığın yaranmasından ehtiyat edirsən?
- İndidən rəqiblər arasında xal fərqindən danışmaq çox tezdir. Bizim öz məqsədlərimiz, hədəflərimiz var. Onun uğrunda da mübarizə aparırıq. İşləməyə davam edirik. 

- Bundan sonra bütün oyunları uduzsanız da, qış fasiləsinə ikinci pillədə yollanacaqsınız. Yəqin ki, bu nəticə sizi razı salır?
- Bu nəticə necə bizi razı sala bilər? Bu haqda kim düşünə bilər? Yox, əgər turnir cədvəlindəki durumumuzu nəzərdə tuturdunuzsa, başqa məsələ. Yoxsa biz məğlubiyyət haqda düşünmürük. Qışa qədər nə oyunumuz var, o oyunlara da uğurlu nəticə üçün çıxacağıq. Ümumiyyətlə, "Araz-Naxçıvan" bütün görüşlərə qələbə istəyi ilə çıxır. İnanıram ki, hər şey yaxşı alınacaq.

- "Araz-Naxçıvan"ın uğurlu çıxışı, sənin də az qol buraxmağın Moldova millisindəki karyerana təsir göstərmir? Hər halda, uğurlu çıxış etməyin millinin məşqçilərinin diqqətini çəkmir?
- Mənim üçün vacib olan daim oyunlarda meydana çıxmaq, oynamaqdır. Ən əsası da, komandaya gücüm çatdığı qədər kömək olmaqdır. Milli komandaya gəldikdə, orada olmaq hər zaman böyük fəxrdir. Hər halda, ölkəmin komandasında yer almağım məni çox sevindirir. Bu dəqiqə üçün isə mən yalnız klubumdakı oyunlarıma konsentrasiya olmuşam. Güvənməyə gəldikdə, hər zaman güvən var. Bunu hiss edirəm. Millinin oyunları bir müddət sonra olacaq. O vaxtı danışarıq bu haqda.

- "Araz-Naxçıvan" növbəti oyununu ölkə kubokunda "Mingəçevir"ə qarşı keçirəcək. Yəqin ki, bu görüşdə də qalib gəlmək istəyəcəksiz....
- Bəli, bizi kubokda çox ciddi oyun gözləyir. Biz qalib gələrək, yolumuza uğurla davam etmək istəyirik. Hamı hər zaman oynamaq, qalib gəlmək istəyir. Bu da çox yaxşı haldır. Rəqabət hər zaman daha yüksək yerlər uğrunda oynamağımıza məcbur edir. Yaxşı bərpa olub, qarşıdakı matça hazırlaşmalıyıq. Belə də edəcəyik. Kubok görüşündə də uğurlu olmaq niyyətindəyik.

- Komandanızın qış fasiləsinə yollanmamışdan qabaq çempionatdakı son görüşü "Qarabağ"a qarşıdır. Bu görüşü özünüz üçün final, özünüsübut görüşü kimi görürsən?
- Bilirsiz, biz kiməsə nəyisə sübut etmək məcburiyyətində deyilik. Bizim öz məqsədlərimiz var. Qarşıda bizi kubokda ağır oyun gözləyir. İndi bütün fikrimiz həmin oyuna yönəlib. O görüşdə uğurlu nəticə qazanmaq istəyirik.

writer photo
Əlirza Əlirzalı
0