"Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
15.12.2024 - 16:26
"Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ

I Liqa təmsilçilərindən "Mingəçevir"in baş məşqçisi Ədəhim Niftəliyev apasport.az saytına müsahibə verib.

- Son matçda "İmişli"dən vacib xal qazandınız. Görüş barədə nə deyə bilərsiz?
- "İmişli"nin güclü komanda olduğunu bilirdik. Oyunun belə ağır keçəcəyini təxmin edirdik. İlk hissədə məqsədimiz hücum futbolu oynamaq, rəqibi təzyiq altında saxlamaq idi. Bu, alınmadı və ikinci yarıda müdafiəyə keçdik. Futbolun qanunu var. Qol vura bilmiriksə, buraxmamalıyıq. Fasilədə komandaya bunu söylədim. 1 xal da 1 xaldır. İstədiyimizə nail olduq. Düzdür, 3 xal qazansaq, 7-ci pilləyə yüksəlirdik. Amma buna da şükür. "İmişli" yüksək yerlər üçün mübarizə aparan komandadır. Nəticəni normal qəbul edirəm.

- Bu xal sizə əlavə motivasiya verəcək?
- Əlbəttə ki, qazanılan xal komandaya əlavə motivasiya verəcək. Ardıcıl 3 ağır görüş bizi gözləyir. "İmişli"nin ardınca "Karvan" səfərinə yollanacağıq. Daha sonra isə "Qəbələ"ni qəbul edəcəyik. Həmin görüşlər öncəsi ruhdan düşməmək üçün xal qazanmaq vacib idi. Futbolçularım bir daha dərk etdi ki, bütün komandalara qarşı mübarizə aparmaq lazımdır. "Qəbələ" və "Karvan"la da belə oynasaq, nəticə qazanacağıq. 

- Kluba Adnan Əhmədzadənin sponsorluq edəcəyi ilə bağlı söz-söhbətlər gəzir. Bu nə dərəcədə realdır?
- Sponsor söz-söhbətləri gəzir. Sevindirici haldır. Amma bu haqda bizə məlumat verən yoxdur. Heç kəs belə bir şəxsin kluba gələcəyini demir. Rəhbərlik tərəfdən heç bir açıqlama verilməyib. Hansısa sponsor olacağı deyilib. Amma bunun nə zaman baş verəcəyi qeyri-müəyyəndir. Bizə də səbr eləmək düşür.

- Maliyyə durumunuz yaxşı deyil?
- Hər oyunda bir futbolçunu itiririk. Elə bir matç yoxdur ki, hansısa oyunçumuz zədələnməsin. Sponsorumuz olsa, əlavə 3-4 futbolçu transfer edə bilərik. Mənim komandam 10-cu pilləyə layiq deyil. Əlavə gücümüz olsa, ilk 5 yerdən birində qərarlaşarıq. Sadəcə maliyyəmiz yoxdur. 

- AFFA-nın ayırdığı vəsait kifayət etmir?
- Ötən mövsümə baxsaq, bu il vergi məsələsində xeyli artım oldu. Bizim problemimiz odur ki, klubun bazası yoxdur. Mingəçevirdən olmayan futbolçular şəhərdə kirayə qalır. Onlara hər gün üçün yemək pulu verilir. AFFA-nın ayırdığı pul kifayət etmir. Səfərlərə gedərkən ordan-burdan sıxışdırıb, nəsə düzəltməyə çalışırıq. Digər klublar kimi bizim də bazamız, maliyyə dayaqlarımız olsa istədiyimiz futbolçunu gətirə bilərik. Elə mövqelər var ki, çətinlik çəkirik. Hücum xəttində qol vura bilmirik. 

- Komanda birlikdə məşqlər keçmir?
- Artıq neçə həftədir ki, təlim-məşq toplanışları keçə bilmirik. Komandanı bir araya yığmaqda çətinlik çəkirik. Maliyyə problemləri səbəbindən ara-sıra birlikdə məşqlər keçirik. Amma toplanışlar təşkil edə bilmirik. Sonuncu pillə "Mingəçevir" üçün utancdır. Əlavə qüvvəmiz olsa, daha yaxşı yerlərdə qərarlaşa bilərik. 

Qeyd edək ki, I Liqanın IX turunun "Mingəçevir" - "İmişli" matçında hesab açılmayıb.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0